Şərurda YAP-ın 30 illiyi münasibətilə tədbir keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Rayon mədəniyyət sarayında davam etdirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şərur Rayon Təşkilatının sədri Əmir Babayev məruzə ilə çıxış edərək partiyanın yaranma zərurəti və keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibində 89 ilk partiya təşkilatı fəaliyyət göstərir. Bu gün rayon təşkilatı öz sıralarında 10 min 159 nəfər üzvü birləşdirir. Onların 3051-i qadınlar, 2267-si gənclərdir.  

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirib. Şərurda əldə edilən davamlı inkişaf da bunun aydın təzahürüdür. Rayon mərkəzi ilə yanaşı, 64 kəndin hər birində aparılan kompleks quruculuq işləri, sənayenin, kənd təsərrüfatının inkişafına hesablanmış layihələrin icrası, əhalinin sosial rifahının yaxşılaşdırılması məskunlaşmanı da artırıb. 

Vurğulanıb ki, müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Azərbaycanın tarixi Zəfərinin qazanılmasında Şərurlu gənclər də qəhrəmanlıq göstərib, şəhid, qazi olublar.

Tədbirdə Qışlaqabbas kənd ərazi partiya təşkilatının sədri Ülkər Məmmədovanın, YAP Şərur Rayon Təşkilatının fəal üzvü Adil Əhmədovun çıxışları dinlənilib.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş gənclərə vəsiqələr və partiya veteranlarına hədiyyələr təqdim olunub.

Tədbir Şərur Rayon Mədəniyyət Sarayının musiqi kollektivinin konsert proqramı ilə başa çatıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: