NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar Babək rayonunda tədbir təşkil edilib.
Tədbir iştirakçıları YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Babək Rayon Mədəniyyət Sarayında davam etdirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Babək rayon Təşkilatının sədri İsa Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan uğurlu təşkilatlanma yolu keçib və ümumxalq partiyasına çevrilib.
Qeyd olunub ki, YAP Babək Rayon Təşkilatı 57 ərazi partiya təşkilatı sıralarında 7142 üzvü birləşdirir. Üzvlərdən 3118-i qadın, 2438-i isə gəncdir. Partiya üzvləri rayonun, eləcə də muxtar respublikanın ictimai işlərində fəal iştirak edirlər.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov tədbir iştirakçılarını təbrik edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirilməsi nəticəsində Babək rayonunda da davamlı sosial-iqtisadi inkişafa nail olunub, rayonun yaşayış məntəqələri müasir görkəmə qovuşub. Bu işlərin davamı olaraq cari ildə rayonun Sirab kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, Vayxır kəndində kompleks quruculuq işlərinin aparılması, Babək şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün yeni binanın, Nehrəm qəsəbəsində 3 nömrəli tam orta məktəbin yenidən tikilməsi, Cəhri qəsəbəsində yolların abadlaşdırılması, yeni içməli su xəttinin çəkilməsi YAP-ın təməl prinsiplərinin uğurlu nəticələridir.
Tədbirdə YAP Babək rayon təşkilatı Cəhri ərazi ilk partiya təşkilatının sədri Elman Əkbərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli və gənc partiya fəalı Elvin Əliyev çıxış ediblər.
Sonra YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri, bir qrup partiya veteranı və fəalına isə hədiyyə və təşəkkürnamə təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Adilə Səfərova