Oktyabrın 11-i Dünya Görmə Günüdür

A- A A+

11 oktyabr-Dünya Görmə Günü hər il oktyabrın ikinci cümə axşamı qeyd edilir. Bu tarix Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təsis edilib. Həmin gün kor, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçüm təqvimə salınıb.

NUHÇIXAN xəbər verir ki, xroniki korluğa səbəb olan problemlər katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığıdır. Statistikalara əsasən dünyada gözlə bağlı yaranan ən geniş yayılmış problemlərə yaş və diabet xəstəliyi səbəb olur.

Dünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmin günün qeyd olunması Dünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə “Baxış 2020: görmə haqqı” beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.

Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 300 milyon insan görmə problemləri ilə üzləşir ki, onların da 40 milyonu ümumiyyətlə görmür. Bundan əlavə bildirilib ki, dünyaya gələn körpələrin 217 milyonunda ağır görmə,19 milyondan çoxunda isə ümumi gözlə bağlı zəiflik müşahidə olunub. Yaşı 50-ni ötmüş əhalinin 65 faizi gözlə bağlı bir sıra patoloji hallarla rastlaşır. Görmə pozuntuları ilə üzləşənlərin 65 faizi 50 və daha yuxarı yaşda olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə 80 faiz olduğu halda korluğun qarşısını almaq mümkündür.

Dünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.

Bununla yanaşı göz xəstəliklərinin profilaktikası üçün bir sıra qaydaları da unutmaq olmaz. Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə uzun müddət normal görmə qabiliyyətini saxlamaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: