Uşaqlar musiqi ilə müalicə olunurlar

A- A A+

Musiqi insanın ruhuna, daxili aləminə o qədər yaxın bir məfhumdur ki, o, depressiyadan tutmuş xroniki ağrılara, yüksək təzyiqdən tutmuş sinir sistemi ilə bağlı yaranmış problemlərə qədər bütün xəstəliklərin müalicə və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq olunur. Musiqi, psixologiya, tibb və pedaqogikanın birləşməsinin nəticəsi olan bu terapiya növü bu gün dünyanın hər yerində psixi xəstəliklərin müalicəsində istifadə edilir. Bu müalicə metodu tam tibbi üsul deyil, bir növ psixoterapiyadır. Musiqi terapiyası zamanı, əsasən, instrumental musiqiyə üstünlük verilir. Hazırda bu sahədə geniş informasiya infrastrukturu yaradılıb. Muxtar respublikamızda da musiqi terapiyasına maraq artır. Belə ki, sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün Musiqi terapiyası bölməsi yaradılıb. Yeni tədris ilindən etibarən fəaliyyətə başlayan həmin bölmədə autizm, daun sindromu və serebral iflicdən əziyyət çəkən uşaqların diqqət və hafizələri musiqi terapiya sayəsində inkişaf etdirilir. Buradakı yeni terapiya otağı müasir avadanlıqlar, metodik vəsaitlər və musiqi alətləri ilə təmin edilib. Hazır­da bölmədə keçirilən məşğələlərə 11 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub. Mərkəzdə həftənin 5 günü fərdi və qrup şəklində dərslər keçilir. Musiqi terapiyasını tədris edən Firaqə İlyasova Ukraynada Olena Tararinanın təşkil etdiyi ixtisasartırma kursunda iştirak edib. Bizimlə söhbətindən müəllim musiqi terapiyasının uşaqların sərbəstliyinə, diqqətinə, inkişafına, yaddaşına müsbət təsirlərindən danışaraq qeyd etdi ki, yalnız dinləmək deyil, ifa etmək, bəstələmək, musiqili dialoq qurmaq və sair texnikalar da bu müalicə metodunda müsbət nəticələrin əldə olunmasında effektiv üsullardandır.

Qeyd etmək lazımdır ki, 2013-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Defektoloji bölmədə Psixoloji dəstək xidməti, Əmək terapiyası kimi şöbələr də fəaliyyət göstərir. Burada əsas məqsəd muxtar respublikada yaşayan, zehni və nitq inkişafının ləngiməsi olan uşaqlarda ünsiyyət, daxili azadlıq, özünütanıma vərdişlərini aşılamaqdır. Nəticədə, həmin uşaqlar rəsm çəkməklə, müxtəlif əl işləri, musiqi ilə məşğul olmaqla, vizual dünyanı dərk edir, qavrama bacarıqlarını daha da inkişaf etdirirlər.

Aygün Bağırova

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: