Yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş “Dünənin, bu günün və gələcəyin partiyası” mövzusunda gənclər arasında keçirilən yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-aparat rəhbəri Anar İbrahimov bildirib ki, 30 il ərzində böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqillik tarixində, bütün sahələrdə, eləcə də yaradıcılıq sahəsində böyük işlərə imza atıb. YAP Naxçıvan Muxtar Respublika Təşkilatı da gənclərin bilikli, dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvər ruhda tərbiyəsini daim diqqət mərkəzində saxlayıb.  

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva diqqətə çatdırıblar ki, Naxçıvan gəncləri istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə ölkəmizi və muxtar respublikamızı layiqincə təmsil edirlər.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov YAP-ın yaranmasının 30 illiyi münasibətilə gəncləri təbrik edib.  

Çıxışların ardınca iştirakçılar muxtar respublikanın qədim tarixini, mədəniyyətini və müasirliyini özündə əks etdirən “Azərbaycanın ürəyidir Naxçıvan” filmini izləyiblər.

Sonra müsabiqənin qalibləri elan edilib. 1-ci yerin qalibi  “Dünəndən sabaha Naxçıvan” rəsm əsəri  ilə Çinar Hacıyev olub. İştirakçılardan Gülnar İsmayılova və Ayxan Hüseynli 2-ci yerə, Əlizaman Abdinli, Səriyyə Salahova və Muxtar Rzazadə isə 3-cü yerə layiq görülüblər. Qaliblərə diplom və pul mükafatı təqdim olunub.

Sonda müsabiqəyə təqdim olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Qeyd edək ki, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən müsabiqə qəzet məqaləsi, rəsm əsəri və teleradio materialları istiqamətləri üzrə həyata keçirilib. Müsabiqəyə 16-35 yaş arası gənclər tərəfindən təqdim olunan əsərlərdən 14-ü qəzet məqaləsi, 24-ü rəsm əsəri və 2-si teleradio materialı olmaqla, ümumilikdə, 40 yaradıcılıq işi təqdim olunub.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: