İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, əhalinin bir kvadratkilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir. Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.
Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn, Azərbaycandan isə 987 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1400 nəfər təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.