Azərbaycanın enerji sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin xüsusi çəkisi 2030-cu ilə qədər 30 faizə çatdırılacaq
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı Şarm əl-Şeyx şəhərində öz işini davam etdirir Konfransın növbəti mövzusu iqlim fəaliyyətləri çərçivəsində imkanların genişləndirilməsinə və vətəndaş cəmiyyətinin cəlb olunmasına həsr olunub. İqlim dəyişmələri sahəsində effektiv fəaliyyət bütün maraqlı tərəflərin, istər gənclər, istər QHT-lər, istərsə də böyük maliyyə qurumlarının nümayəndələrinin iştirakını tələb edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, danışıqlar prosesində bütün maraqlı tərəflərin iştirakının təmin edilməsinin vacibliyi qeyd edilib, o cümlədən vətəndaş cəmiyyətinin iqlim dəyişikliyi ilə bağlı qərar qəbuletmə proseslərinə inteqrasiyası vurğulanıb.
Bununla yanaşı, yüksəksəviyyəli seqmentin ikinci hissəsi də öz işinə başlayıb. Həmin seqmentdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev ölkənin bəyanatı ilə çıxış edib. Ölkə nümayəndəsinin çıxışında iqlim sisteminə təsirlərin azaldılması sahəsində Azərbaycanın qlobal səylərə töhfəsi haqqında məlumatlar verilib.
Məlumatda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan yeni strategiyamızda istilik effekti yaradan qaz emissiyalarının azaldılması məsələsi xüsusi qeyd olunub. Həmin fəaliyyətlərin icrası iqlim dəyişmələri üzrə beynəlxalq təşəbbüslərlə tam uzlaşır və beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsinə, hədəflərimizə nail olunmasına bilavasitə töhfə verəcək.
Azərbaycanın enerji sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin 2030-cu ilə qədər hazırkı 17 faizdən 30 faizə çatdırılması, o cümlədən enerji səmərəliliyinin artırılması, aztullantılı nəqliyyata keçid və sənaye sektorunda aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, meşələrin və yaşıllıq sahələrin çoxaldılması və digər əhəmiyyətli mitiqasiya fəaliyyətlərimizin növbəti illərdə daha da intensivləşdiriləcəyi haqqında məlumat verilib.
Konfrans iştirakçılarının diqqətinə Azərbaycan ərazilərində 30 illik işğal dövründə Ermənistan tərəfindən törədilən dağıntıların və ekosidin tam miqyası barədə faktlar çatdırılıb.
Eyni zamanda hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı postkonflikt reabilitasiya, bərpa işlərinin həyata keçirilməsi, ərazilərin iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanaraq bərpası, “ağıllı” və “yaşıl” yanaşmaların tətbiqinin əsas prioritetlərimiz olduğu haqqında məlumat verilib.
Həmin yanaşmaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilərin 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevrilməsinə zəmin yaradılması qeyd olunub.