Ümumdünya Uşaq Hüquqları Günü ilə bağlı interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Gələcəyimiz olan uşaqların hüquqlarını qoruyaq” mövzusunda interaktiv dərs keçirilib.  

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə keçirilən dərsdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov Ümumdünya Uşaq Hüquqları Gününün yaranması və əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verib.

Qeyd edib ki, uşaq hüquqlarını qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “Cenevrə Bəyannaməsi” ilə yaranıb, 1959-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyənnaməsi”ni qəbul edib. Lakin Bəyannamənin hüquqi qüvvəsi olmadığından 1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi işçi qrupu yaradaraq, 20 noyabr 1989-cu il tarixdə rəsmi şəkildə “Uşaq hüquqları haqqında Konvensiya”nı qəbul edib.

Dərsdə “Uşaq hüquqları haqqında Konvensiya”nın müddəaları barədə də məlumat verilib.

Vurğulanıb ki, Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası”na, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilib, ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 may 2012-ci il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. 

Qeyd edək ki, 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ilə bağlı keçirilən interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: