Muxtar respublikada bu il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 6 mindən çox sığortaolunana müavinət ödənilib
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, fond tərəfindən cari ilin 10 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, muxtar respublika üzrə 6 min 469 sığortaolunana məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan 496-sı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 774-ü hamiləliyə və doğuma görə, 2906-sı uşağın anadan olmasına görə, 683-ü isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə təyin edilib. Eyni zamanda vəfat etmiş sığortaolunanı və ya pensiyaçını dəfn etməyi öhdəsinə götürən 1610 şəxsə isə dəfn üçün müavinət ödənilib.
Bu ilin 10 ayı ərzində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 232 min 780 manat, hamiləliyə və doğuma görə 1 milyon 152 min 740 manat, uşağın anadan olmasına görə 746 min 750 manat, uşağa qulluğa görə 305 min 275 manat, dəfn üçün 1 milyon 53 min 155 manat olmaqla, ümumilikdə 3 milyon 490 min 700 manat vəsait xərclənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 225 min manat və ya 6,9 faiz çoxdur.
Məlumat üçün bildirək ki, işləyən qadınlara hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün 126 təqvim günü, yəni doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Bu müddət ərzində təyin olunan müavinət orta gündəlik qazancın 100 faizi miqdarında ödənilir.
Qanunvericiliyə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Həmin məzuniyyət dövründə uşaq 1 yaş 6 aylıq olanadək 44 manat, 3 yaşı tamam olanadək isə 28 manat məbləğində müavinət ödənilir. Həmçinin uşağın doğulmasına görə 300 manat məbləğində birdəfəlik müavinət verilir. Ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Bundan başqa sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə qanunvericiliklə müəyyən edilmiş şəxslərin dəfn üçün müavinət almaq hüququ vardır. Dəfn üçün müavinət vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. Sığortaolunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə 350 manat, əmək pensiyaçısı vəfat etdikdə isə 720 manat məbləğində müavinət ödənilir.