Gələcəyin hüquqşünasları praktik biliklər əldə edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində "Məhkəmə-hüquq islahatları” mövzusunda gənclərin maarifləndirilməsi layihəsi keçirilib.
"Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq keçirilən layihə çərçivəsində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə tələbələr maarifləndirilib.
Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə həyata keçirilən layihə çərçivəsində tələbələr seçimlərinə uyğun olaraq Ali Məhkəmənin struktur bölmələri ilə tanış olub, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları barədə məlumatlandırılıblar.
Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov tərəfindən "Məhkəmə etikası, məhkəmədə davranış qaydaları" və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən "Məhkəmə-hüquq sistemində islahatlar" mövzularında təlimlər keçirilib, tələbələrə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə geniş məlumat verilib.
Ali Məhkəmənin əməkdaşı slayd vasitəsilə "Elektron məhkəmə" informasiya sisteminin iş prinsipləri, sistemdən istifadə qaydaları, işlərə kağızsız elektron qaydada baxılmasının hüquqi əsasları barədə izah verilib.
Həmçinin tələbələrin məhkəmə iclaslarında iştirakları təmin olunub.
Qeyd edək ki, layihənin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaq, həmçinin gələcəyin hüquqşünaslarına peşə vərdişlərini aşılamaq və peşəkar kadrlar kimi yetişmələrinə töhfə verməkdir.
Mədinə Rəhimli