Şıxmahmud kəndində maarifləndirici tədbir keçirilib - FOTOLAR
Babək rayonunun Şıxmahmud kəndində əhali arasında maarifləndirici tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılov və Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Cavad Şabanov çıxış edərək yol hərəkəti qaydalarına əməl olunmasının və bu barədə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Diqqətə çatdırılıb ki, muxtar respublikada son illər müasir yerüstü və yeraltı piyada keçidlərinin inşa olunması xoşagəlməz yol nəqliyyat hadisələrinin və qəzaların baş verməsini minimum həddə endirib. Amma bəzən piyadalar bu keçidlərdən istifadə etmək əvəzinə qadağan olunan yerlərdən keçirlər. Bu da təhlükəni qaçılmaz edir, piyadaların xəsarət almasına səbəb olur, bəzən isə ölümlə nəticələnir. Ona görə də ictimai maarifləndirmə tədbirlərində vətəndaşlar fəal olmalıdırlar.
Görüş zamanı Babək Rayon Polis İdarəsinin əməkdaşları "Yaşayış yerləri və onların ətrafında təmizliyə riayət olunması", "Oğurluq və dələduzluq hadisələrinin sosial və hüquqi ekspertləri, sosial şəbəkələr vasitəsilə törədilən dələduzluq hadisələri", "Əhalidə qanunsuz saxlanılan silah-sursatın təhvil verilməsi", "Yetkinlik yaşına çatmayanlara spirtli içki, tütün məmulatlarının satılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət" və digər mövzularda maaarifləndirici söhbət aparıblar.
Mahmud Hüseynov