Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə kitabxananın direktoru Tamella Əsgərova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq görkəmli publisistin 150 illiyi ölkəmizdə, o cümlədən muxtar respublikada geniş qeyd edilir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Ömər Faiq Nemanzadə: istiqlal və cümhuriyyət fədaisi” mövzusunda çıxış edib. Qeyd edib ki, Azərbaycan milli mətbuatının inkişafında müstəsna xidmətləri olan publisist həmçinin türk dünyasının azadlığı, milli və mədəni dirçəlişi, xoşbəxt gələcəyi uğrunda mübarizə aparan ziyalılarımızdan biri kimi tarixə düşüb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” jurnalı” mövzusunda çıxış edib. Bildirib ki, həmtəsisçi və həmmüəllif kimi Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrə başlamasında görkəmli publisistin böyük rolu olub.

Kitabxananın əməkdaşı Vüsalə Əliyeva isə Ömər Faiq Nemanzadənin dil və mətbuat fədaisi kimi yorulmaz fəaliyyətindən söz açıb.

Sonda Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığından bəhs edən nəşrlər, eləcə də publisistin həmtəsisçisi olduğu “Molla Nəsrəddin” jurnalının müxtəlif saylarından ibarət sərgiyə baxış olub.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: