Naxçıvanda Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova bildirib ki, muxtar respublikada uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 26 minə yaxın uşaq idmanla məşğul olur, onlar idmanın müxtəlif sahələri üzrə ölkədaxili və beynəlxalq yarışların mükafatçısı və qalibi adını qazanırlar. Hazırda ölkədaxili və ölkədənkənar bilik yarışlarının qalibi olmuş uşaqların sayı 276 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 nəfər çoxdur. 17 istedadlı uşağın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı"na qeyd edilib.
Aytən Məmmədova “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" çərçivəsində görülən işləri də diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada uşaqların təhsil alması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, diyarımızda təhsilin bütün pillələri üçün yaradılan şərait, ümumtəhsil məktəblərində tətbiq edilən metodlar, o cümlədən STEAM təhsil metodu 52 mindən çox şagirdin, 7 mindən çox müəllimin təlim şəraitinin yaxşılaşdırılmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov vurğulayıb ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, muzey və muzeytipli müəssisələr, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, mərkəzləşdirilmiş kitabxana sistemlərinin uşaq kitabxanaları fəaliyyət göstərir. Bütün bu müəssisələr böyüməkdə olan nəslin intellektual səviyyəsinin yüksəldilməsində, onların bədii-estetik zövqünün, dünyagörüşünün formalaşmasında, asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır.
Sonra cari ilin ötən dövründə müxtəlif sahələr üzrə fəqlənən uşaqlara diplomlar təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
Mədinə Rəhimli