Əl işləri sərgi-müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Rəsm Qalereyasında muxtar respublikada oktyabr ayı ərzində keçirilən əl işləri sərgi-müsabiqəsinin yekun tədbiri baş tutub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev qalibləri təbrik edərək belə tədbirlərin istedadlı insanların yaradıcılıq imkanlarının daha da genişlənməsinə stimul verdiyini bildirib. Qeyd edib ki, müsabiqənin məqsədi muxtar respublikada istedadlı şəxslərin üzə çıxarılaraq onların bacarıq və yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsindən, eləcə də xüsusi istedada malik insanların yaradıcılıq potensialının aktiv peşəkar sənətə istiqamətləndirilməsindən ibarətdir.
Qeyd edək ki, “Əl işləri sərgi-müsabiqəsi”nə nazirliyin sisteminə daxil olan mədəniyyət sarayları, mədəniyyət evləri, klubların əməkdaşları və bu müəssisələrdə fəaliyyət göstərən dərnək üzvləri tərəfindən 64 iştirakçı 277 ədəd əl işi ilə müraciət edib. Sərgidə dekorativ tətbiqi sənətin bədii tikmə və toxuma, dekorativ kompozisiya, bədii oyuncaq, ağac üzərində oyma, applikasiya, kağızdan bədii konstruksiya və maketlərin hazırlanması, muncuqla işləmə, rəsm əsərləri və digər əl işləri sərgilənib. Dünya və milli mədəniyyət nümunələrindən ibarət əl işlərinin təqdim edildiyi sərgi-müsabiqə 2 yaş qrupu üzrə – 18 yaşadək və 18 yaşdan yuxarı şəxslər arasında keçirilib. Nümunələrin hər biri münsiflər heyəti tərəfindən müəyyən edilən meyarlar əsasında 10 ballıq sistem üzrə qiymətləndirilib.
Müsabiqədə ilk 3 yeri tutan iştirakçılar diplomlarla, fərqlənən iştirakçılar isə fəxri fərmanla təltif edilib.
Sonda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Şəfa Səfərova