Noyabrın 18-də Misirin Şarm əl-Şeyx şəhərində başa çatması nəzərdə tutulan COP-27 iqlim sammitində müzakirələr daha bir gün davam edib və yekun sənəd üzərində fikir mübadiləsi aparılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sammitdə iştirak edən ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi, keçmiş dövlət katibi Con Kerrinin COVID-19 virusuna yoluxduğu bildirilib.
ABŞ nümayəndə heyətinin üzvü jurnalistlərə müsahibəsində deyib ki, C.Kerri COVID-19 əleyhinə üç dəfə vaksin olunub və onun bu virusa yoluxması təəccüb doğurub. Amerikalı diplomat yekun müzakirələrdə virtual formatda iştirak edib.
İqlim sammitinin yekun iclasını şərh edən Misir nümayəndə heyətinin rəhbəri Vael Əbulməcd deyib ki, yekun sənəd üzərində müzakirələr bütün gecə boyu davam edib. Qlazqoda keçən ilki müzakirələrə rəhbərlik edən britaniyalı Alok Şarma isə bildirib ki, COP-27 iqlim dəyişikliyi ilə mübarizədə sözdən əmələ keçmək vaxtı gəldiyini sübut etdi. Onun sözlərinə görə, bundan əvvəlki sənədlərdə təsbit olunmuş öhdəliklərin əksəriyyəti yerinə yetirilməyib.
COP-27 sammiti Afrikanı təmsil edən nümayəndələrin aclıq, quraqlıq, yoxsulluğun artması və içməli su qıtlığı ilə bağlı çağırışları ilə müşayiət olundu. Bu qitənin təmsilçiləri inkişaf etmiş ölkələrdən daha çox maliyyə vəsaiti ayrılmasını tələb edirdilər, lakin qarşı tərəfin cavabı yetərincə qənaətbəxş deyil.
Təqribən 40 minə yaxın qonaq qəbul edən Şarm əl-Şeyx küçələri artıq boşalmaq üzrədir. Əcnəbi təmsilçilərə COP-27 iqlim sammitindən xatirə qalacaq və üzərində aşağıdakı sözlər yazılmış buklet paylanılıb: “Hörmətli COP-27 müzakirəçiləri, bu il COP-27-yə gəldiyiniz üçün təşəkkür edirik. Ümid edirik ki, bu dəfə daha böyük ümidlərlə öz ölkənizə qayıdırsınız. Qlobal temperaturu 1,5 C səviyyəsində saxlamağı, planetimizin gələcəyi üçün mübarizəni davam etdirməyi unutmayın”.