İqlim dəyişməsi fonunda üzüm bağlarının qorunması üçün örtüklərdən istifadə etmək faydalıdır

A- A A+

Bu gün danılmaz bir həqiqət var: dünya bazarlarında maksimum miqdarda və rentabelli satış üçün məhsulun keyfiyyəti ən yüksək səviyyədə olmalıdır. Keyfiyyət və təqdimat baxımından ən yaxşı məhsula tələbat da ən üst dərəcədədir. Torpaqdan yüksəkkeyfiyyətli və daha çox məhsul əldə etmək üçünsə müxtəlif yollar və üsullar vardır. Bu üsullardan biri də əkin sahələrini, daha çox üzümlükləri ətraf mühitin zərərli təsirlərindən qorumaq üçün örtüklərdən istifadə etməkdir. Örtüklərdən istifadə üzüm bağları üçün yenilik deyil. Nəzərə almaq lazımdır ki, üzümlükləri ətraf mühitin zərərli təsirlərindən qorumaq üçün örtməklə sahənin mikroiqlimini də dəyişmək mümkündür. Mikroiqlimdəki dəyişikliklər nəticəsində üzüm kolunun fizioloji ehtiyaclarında da dəyişiklik etmək olar. Örtük altında yetişdirilən üzüm bağlarında bir sıra aqrotexniki əməliyyatları da nəzərdən qaçırmamaq lazımdır. Örtük altında yetişdirilən bağlarda suvarma, yemləmə, çiçəklərin tozlanması, xəstəliklərə yoluxma, gilənin keyfiyyət göstəriciləri, məhsulun toplanmasından sonrakı vəziyyəti (saxlama və daşınma) və bu kimi məsələlər xüsusi olaraq diqqətdə saxlanılmalıdır.
Kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən üzümçülükdə az və ya çox dərəcədə istifadə olunan plastik örtük təsərrüfat sahibləri tərəfindən əsasən əlverişsiz iqlim hadisələrindən (güclü dolu, yağış, qar, istilik və sair) qorunmaq üçün istifadə olunur. Məqsədəuyğun örtük materialı seçilən zaman plastik örtüklərdən istifadə daha faydalı ola bilər. Dünyada üzümlüklər üçün bir neçə alternativ örtük materialları təklif edilir, baxmayaraq ki, əksər istehsalçılar 70 və 150 mikron qalınlığında, yəni sıxlığı az olan polietilen plyonka (LDPE) təbəqələrindən istifadəyə üstünlük verirlər. Çünki sıxlığı az olan polietilen plyonkalar günəş radiasiyasını 85 faizdən yuxarı səviyyədə ötürür.

Ən çox yayılmış konstruksiyalar isə piramida formalıdır və hər cərgədə bitkidən 1-1,5 metr yüksəklikdə quraşdırılır. Vacib bir məqam ondan ibarətdir ki, sıralar arasında mərkəzi havalandırma dəhlizləri vardır. Bu tip örtüyün konstruksiyası yaxşı dizayn edildikdə, nə maksimum və minimum temperaturun dəyişməsinə, nə də havanın nisbi rütubətinin artıb-azalmasına təsir göstərir. Bununla belə, külək və günəş radiasiyasının təsirindən bəzi dəyişikliklər də müşahidə edilibdir. Ekspertlərin fikrincə, örtüyün altında üzüm yetişdirərkən küləyin sürətinin 70 faiz azalması qeydə alınıb. Üzümün məhsuldarlığı və fenoloji fazaların başlanması və keçilməsi mərhələləri baxımından da heç bir dəyişiklik gözləmək lazım deyil. Sıxlığı az olan bir polietilen (Pevd 130 mikron) örtüyün altında günəş radiasiyasının dəyişkənliyi xüsusən oktyabr ayında daha çox müşahidə edilir. Müşahidələr zamanı polietilen örtüyün altında qeydə alınan temperaturun xarici temperaturdan fərqli olduğu da müəyyən edilib.
Bundan əlavə, plastik örtük altında günəş radiasiyasının təxminən 25 faiz azalması da müşahidə olunur. Eyni hal nisbi rütubətin miqdarında, xüsusilə də bahar aylarında üzüm yarpağının temperaturunun artdığı zaman özünü büruzə verir. Ona görə də təsərrüfatçı təkcə üzüm bağlarının deyil, əkiləcək istənilən kənd təsərrüfatı bitkisinin biologiyasını, aqrotexnikasını yaxşı bilməlidir ki, onun üçün ən uyğun örtükləri və onların ölçülərini seçə bilsin. Fenoloji müşahidələrə əsasən demək olar ki, qapalı üzüm bağlarında temperaturun artması fotosintezə də təsir edir. Çünki fotosintetik sistem artıq enerjini aradan qaldırır.

Aparılan sınaqlarda fenologiyanın polietilen örtüklə örtüldüyünə görə dəyişməyə məruz qalan ilk parametr olduğu aşkar edilib. Parçanın altında becərilən bitkilərin böyüməsi isə daha uzun sürüb və örtülməyənlərdən bir qədər gec yetişib. Alınan məhsulun çəkisində və ölçülərində də fərqlər qeydə alınıb. Məlum olub ki, örtük altında yetişdirilən kolların salxımlarında gilələrin kütləsi 11 faiz ağır, ölçüləri isə 6 faiz böyük olub. Salxımlardakı gilələrin 63 faizinin giləmeyvə ölçüsü (diametri) 20 millimetrdən çox və ya ona bərabər olub. Gilələrin 58 faizinin kütləsi isə 7 qramdan çox olub. Aparılan tədqiqatlar məhsul yığımından sonrakı dövrdə də üzüm gilələrinin vəziyyətini təyin etməyə imkan verir. Məhsul yığımı dövründə örtüksüz yetişdirilən üzüm bağında yağışlara məruz qalan üzüm sortlarında, plastik örtük altında yetişdirilən məhsulla müqayisədə, eyni sortların salxımlarında məhsul yığımından sonra daha güclü səviyyədə boz çürümə xəstəlikləri aşkar edilib. Çürümə əsasən gilənin yüngül sulu hissəsində və qabığında müşahidə olunub. Bu onu göstərir ki, plastik örtüklərlə yağışdan qorunma məhsul yığımından sonra gilənin keyfiyyətinin yaxşılaşmasına və yüksəlməsinə də müsbət təsir edir. Bundan əlavə, örtük altında bar verən kolların salxımları adi üzüm bağlarında örtüksüz yetişdirilən salxımlardan daha iri və keyfiyyətli olur. Örtük altında becərilən üzüm bağlarında aparılan tədqiqatın nəticələri onu deməyə əsas verir ki, bu metod Naxçıvan Muxtar Respublikası, xüsusən isti havaların müşahidə olunduğu Naxçıvan şəhəri və onun kəndlərində becərilən üzüm bağları üçün də faydalı ola bilər. Bu üsulla üzüm bağlarında yüksək və keyfiyyətli məhsul əldə olunar. Çünki polietilen örtüklə örtülən üzüm bağı, üzüm sortundan asılı olaraq, 10- 30 faiz daha çox məhsul verir və təsərrüfat sahibi əhəmiyyətli dərəcədə suya da qənaət etmiş olur. İndiki vaxtda, quraqlıq təhlükəsinin yaşandığı bir zamanda bu, çox vacib bir amildir və qənaət edilən su ilə 25 faiz daha çox üzüm bağını idarə etmək mümkündür.

                                                                           Cabbar Nəcəfov

 AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun İnnovasiya və Elmi-istehsalat şöbəsinin müdiri

“Nuh Yurdu” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: