Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvləri polis orqanlarına işə qəbul edilib - FOTOLAR
Avqustun 24-də Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə elan edilmişdi. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin müsabiqə üzrə keçirilən imtahanlarda uğur qazanaraq polis sıralarına qəbul edilən 30 nəfərə bu gün xidməti vəsiqələr verilib.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov bildirib ki, muxtar respublikanın daxili işlər orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrinin komplektləşdirilməsi məqsədilə 24 avqust 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək müsabiqə elan edilib. Müsabiqədə iştirak edən namizədlərin test imtahanı və müsahibə mərhələlərində bilikləri yoxlanılıb, eləcə də fiziki hazırlıq üzrə minimal normativlər götürülüb. İmtahandan müvəffəqiyyətlə keçən və müsabiqənin şərtlərinə uyğun gələn namizədlərin sənədlərinin toplanılması həyata keçirilib, xidmətə qəbulu məqsədə müvafiq hesab edilən 30 namizəd daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilib.
Nazir qeyd edib ki, Azərbaycanda, eləcə də muxtar respublikada hüquq-mühafizə orqanlarına hərtərəfli dövlət qayğısı göstərilir. Buna görə də hər bir polis əməkdaşı cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlığını daim artırmalıdırlar.
Rəşad İsmayılov sıravi və kiçik rəis heyəti vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqədən uğurla keçən və polis adını qazanan gəncləri təbrik edib, ictimai asayişin qorunmasında uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis mayoru Rahin Əmirov yeni polis əməkdaşlarının xidmətə qəbul edilmələrinə dair müvafiq əmrlərin məzmunu barədə iştirakçıları məlumatlandırıb.
Sonra daxili işlər naziri Rəşad İsmayılov daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində işləyəcək şəxslərə vəsiqələri təqdim edib.
Qeyd edək ki, sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilən 30 nəfərdən 5-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailəsi üzvüdür.
Ərhan Novruzov