Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri müzakirə edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən maliyyə nazirinin müavini Elçin Əliyev sığortanın müasir cəmiyyət həyatındakı rolundan və dövlət maliyyə siyasətinin həyata keçirilməsindəki əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikada sosial-iqtisadi inkişafın sürətlənməsi ilə sığortaya olan maraq artmaqdadır. Çünki insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün zəruri tədbirlər görülsə də, qaçınılması mümkün olmayan hadisələr baş verə, insanlara hər hansı bir formada zərərlər dəyə bilər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında sığorta işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ölkəmizdə qüvvədə olan qanunlara əsasən bir sıra icbari və könüllü sığorta növləri üzrə işlər aparılmaqdadır. Bu baxımdan sığortanın müasir tələblərə uyğun şəkildə qurulması işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti var.

Tədbirdə iştirak edənlərə avtonəqliyyat vasitəsi sahiblərinin, daşınmaz əmlakın icbari sığortalarının mahiyyəti, əhəmiyyəti, həyata keçirilməsi prosesi barədə ətraflı məlumat verilib.

Maliyyə nazirinin müavini Elçin Əliyev tədbirə yekun vuraraq, baş verən gözlənilməz hadisələrdən dəyən zərərlərin əvəzinin ödənilməsi zamanı sığorta işinin əhəmiyyətini bir daha qeyd edib, hər bir idarə, müəssisə, təşkilat və vətəndaşları bu sahədə fəallıq göstərməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: