NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində qurumun yaradılmasının 90 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Cəmiyyətin sədri Yəhya Allahverdiyev çıxış edərək qurumun keçdiyi tarixi yola nəzər salıb. Yəhya Allahverdiyev bildirib ki, 1932-ci il noyabrın 22-də ilk dəfə olaraq muxtar respublikamızda Su Təsərrüfatı İdarəsi yaradılıb. Bununla da muxtar respublikada meliorasiya və irriqasiya işlərinə diqqət artırılıb. Araz çayı üzərində nasos stansiyalarının tikintisinə başlanılıb, 16 kilometr magistral kanal inşa edilib, bu kanal və nasoslarla 10 min hektarlarla torpaq sahələrinə suvarma suyu verilməsinə başlanılıb. Sonrakı illərdə bu quruculuq tədbirləri davam etdirilib, tutumu 12,7 milyon kubmetr olan Sirab və tutumu 17,4 milyon kubmetr olan Bənəniyar Su anbarları tikilib. 1982-ci ildən tikintisinə başlanılan yüz milyon kubmetr tutumu olan indiki Heydər Əliyev Su Anbarı hesabına 16 min 830 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi təmin olunub.
Vurğulanıb ki, ötən dövrdə su nasoslarının sayı və gücü də xeyli artırılıb. Hazırda cəmiyyət üzrə 105 işlək nasos stansiyası var ki, bunun 4 ədədi son beş ildə yeni tikilən, biri isə yenidən qurulan nasos stansiyalarıdır. Nasoslar vasitəsilə 24,6 min hektar torpaq sahəsini suvarmaq mümkündür. Həm suvarma, həm də içməli su mənbəyi kimi istifadə olunan 842 işlək subartezian quyusu və 388 kəhriz su istehlakçılarının istifadəsindədir.
Yəhya Allahverdiyev diqqətə çatdırıb ki, ümumilikdə son illərdə muxtar respublika ərazisində 5 min 868 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilərək istifadəyə verilib. Hazırda bu işlərin davamı olaraq Babək rayonunun Nehrəm qəsəbəsində 250 hektar, Güznüt-Çeşməbasr kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma sisteminin tikintisi davam etdirilir.
Qeyd edilib ki, son illər muxtar respublikada əhalinin içməli su təminatı da xeyli yaxşılaşdırılıb. Cəmiyyətin tabe təşkilatları tərəfindən son beş il ərzində muxtar respublika üzrə 76,6 kilometr yeni içməli su xətti çəkilib, 1,9 kilometr yeni kaptaj tikilib, 253,5 kilometr içməli su xəttində təmir-bərpa işləri aparılıb.
Cəmiyyətin sədri kollektivi Naxçıvan Muxtar Respublikasında Meliorasiya və İrriqasiya Sistemlərinin yaradılmasının 90 illiyi münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Cəmiyyətin Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Mahmud Hüseynov