“Gələcəyə doğru” layihəsi adı altında tələbələrlə görüş keçirilmişdir - FOTOLAR
Naxçıvan şəhərinin 2018-ci il ölkəmizin “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” layihəsi adı altında görüş keçirilmişdir.
Görüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra Katibliyi və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada gənclik mərkəzləri, elektron kitabxanalar, mədəniyyət evləri, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları, olimpiya idman kompleksləri, idman mərkəzləri tikilərək gənclərin istifadəsinə verilib. Gənc istedadlar dövlət qayğısı ilə əhatə olunub. Dövlət idarəçiliyinin bütün sahələrində gənclər irəli çəkilir. Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gənclərlə iş sahəsində muxtar respublikada Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, partiyanın şəhər və rayon təşkilatlarının Gənclər birlikləri, ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatları fəaliyyət göstərir.
Sahir Rüstəmov vurğulamışdır ki, muxtar respublikada gəncliyə göstərilən dövlət qayğısı etibarlı gələcəyimizə xidmət edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər paytaxtı seçilmişdir. Bununla bağlı hazırlanmış Tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı keçirilmiş, gənclərin qış və yay məktəbləri, “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüş, “Azərbaycançılıq və gənclik” adlı təbliğat kompaniyası təşkil edilmiş, muxtar respublikanın şəhər və rayonlarında “Gənclər bağı” salınmışdır. Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin I kursuna qəbul olmuş tələbələrlə “Gələcəyə doğru” layihəsi çərçivəsində görüşün keçirilməsi də bu tədbirlərin davamıdır.
Gənclərin istedadlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, müxtəlif layihələrə cəlb edilməsi, Azərbaycana layiqli vətəndaş kimi yetişmələri qarşıda duran əsas vəzifə olduğunu vurğulayan Sahir Rüstəmov “Gələcəyə doğru” layihəsinin bu baxımdan faydalı olacağını bildirmiş, gənclərə uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov diqqətə çatdırmışdır ki, Azərbaycan gənclərinin aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyalarını və irəli sürdüyü prinsipləri əsas götürən dövlət başçısının həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə dünyada tanınır.
Nazir vurğulamışdır ki, bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətini təşkil edən gənclər hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu Fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis olunmuş, idman və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin adları həmin kitaba daxil edilmişdir. Muxtar respublikada hər zaman diqqətdə saxlanılan məsələlərdən biri də təhsilli gənclərin yetişdirilməsidir. Bu gün burada fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universiteti, Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kolleci ən son dünya təhsil standartlarına cavab verən təhsil müəssisələridir. Bu gün muxtar respublika gəncləri göstərilən qayğıya cavab olaraq, özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxışında təmsil etdiyi təşkilatının fəaliyyəti, yerlərdəki qurumları, partiyanın cəmiyyətimizdəki mövqeyi və siyasi sistemdəki rolu barədə tələbələrə məlumat vermişdir. Qeyd edilmişdir ki, hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında 54 min 611 nəfər partiya üzvü birləşib. Partiya üzvlərinin 41 faizə yaxını gənclər, onlardan 4515 nəfər isə tələbədir. Bu rəqəm onu göstərir ki, gənclər indiki siyasi iqtidara inanır və onun siyasi təşkilatı olan YAP-ı özünün siyasi və ictimai ifadəsinin əsas vasitəsi kimi görür. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən hər bir tədbir, təşəbbüs də bu partiyanın adı ilə bağlıdır. Bu gün muxtar respublikanın parlamenitində 41, bələdiyyələrinin mütləq əksəriyyətində gənc partiya üzvlərimiz təmsil olunur. Bu mənada YAP həm də bir siyasi məktəbdir.
2018-ci ildə qəbul imtahanlarından yüksək bal toplayan Zübeydə Zeynalova çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığın bildirmişdir.
Sonra muxtar respublikamızda həyata keçirilən gənclər siyasəti ilə bağlı slayd nümayiş etdirilmiş, gənclər siyasəti ilə bağlı Naxçıvan Dövlət Televiziyasının hazırladığı qısametrajlı film göstərilmişdir.
Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən sosial şəbəkələrdə keçirilən “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda gənclər arasında foto-müsabiqənin qalibləri mükafatlandırılmışlar.
“Gələcəyə doğru” layihəsi adı altında görüş konsert proqramı ilə davam etdirilmişdir.