Rabitəçi-mühəndislər üçün seminar keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Avtomat telefon stansiyalarında yeni nəsil texnologiyaların tətbiq edilməsi” mövzusunda keçirilən seminarda Nazirliyin Aparatının və tabeli qurumlarının mühəndisləri, rabitə mütəxəssisləri, kabelçi-lehimləyiciləri iştirak edib.
“HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri Zhao Hongbo, Zhao Jun və İsmayıl Quliyev muxtar respublikada təqdim edilən internet xidmətlərinin dayanıqlılığını yeni nəsil texnologiyalar vasitəsilə təmin edilməsi istiqamətində beynəlxalq təcrübələrdə geniş istifadə olunan texnologiyalardan slayd və videomateriallar vasitəsilə rabitəçi - mühəndislərə geniş məlumat veriblər.
Seminarda həmçinin yeni GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyaları və üstünlüklərindən, eləcə də IMS (IP Multimedia Subsystem - IP Multimedia Alt Sistemi) barəsində də danışılıb. Bildirilib ki, IMS IP protokolu əsasında telekommunikasiyada multimedia məzmununun ötürülməsi üçün yeni mobil şəbəkə infrastrukturudur, istifadəçilər üçün istənilən giriş şəbəkəsi, xüsusən də VoLTE (Voice over) üzərindən rabitə xidmətləri təqdim etmək üçün yeni texnologiyadır.
Sonda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.