NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekoloqlar Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində “Ətraf mühitin mühafizəsində qanunvericiliyin təbliği” mövzusunda maarifləndirici tədbir keçiriblər.
Kolanı, Biçənək, Gömür, Ağbulaq, Aşağı və Yuxarı Qışlaq kəndlərinin sakinlərinin iştirak etdiyi tədbirdə bildirilib ki, Şahbuz rayonunda yaşıllıqların artırılması və qorunması diqqətdə saxlanılır. Son günlərdə rayon bələdiyyələrinin təşəbbüsü ilə bələdiyyə mülkiyyətlərinə aid torpaq sahələrində yeni meyvə və yaşıllıq sahələrinin salınması ekoloji tarazlığın qorunması və meyvə bağlarının artırılması istiqamətində görülən tədbirlərin davamıdır.
Diqqətə çatdırılıb ki, yeni yaşıllıq sahələrinin salınması ilə yanaşı, onların qorunmasında da rayon sakinlərinin üzərinə böyük vəzifə düşür. Bəzi hallarda vətəndaşlar mal-qaralarını sahibsiz buraxaraq yaşıllıq sahələrinə ziyan vurur. Bu da min bir zəhmətlə ərsəyə gələn meyvə bağlarının, yaşıllıq sahələrinə ziyansız ötüşmür. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, Naxçıvan-Batabat magistralının və Ağbulaq İstirahət Mərkəzinə gedən yolun kənarlarında salınan yaşıllıq sahələrində belə hallar daha çox müşahidə edilir.
Bildirilib ki, Şahbuz rayonu təbii şəraitinə görə, əsasən də yay aylarında yerli və xarici turistlərin üz tutduğu məkana çevrilib. Bu da rayon iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bunun üçün də sakinlər bu sahədə fəal olmalı, təbiətin, yaşayış məntəqələrinin təmizliyinin qorunmasına təşəbbüs göstərməlidirlər.
Yığıncaqda ətraf mühitin qorunmasında vətəndaşların hüquq və vəzifələri barədə də iştirakçılara məlumat verilib, bu sahədə pozuntulara görə tətbiq olunan inzibati tədbirlər diqqətə çatdırılıb.
Novruz Məmmədov