“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin bağlanış konfransı keçirilib.                             

Konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirib ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən, qadın sahibkarlara dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, yeni iş yerlərinin yaradılması, maliyyə çətinliklərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Göstərilən qayğının nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatının 102-si qadınlar tərəfindən idarə olunur.

Ramilə Seyidova qeyd edib ki, layihənin şərtlərinə əsasən muxtar respublikanın şəhər və rayonlarından 50 aztəminatlı ailənin üzvü və ya sağlamlıq imkanları məhdud qadınların cəlb olunması və hər bir nəfərə 760 İsveçrə frankı məbləğində sərmayə kapitalının verilməsi nəzərdə tutulub. Layihə çərçivəsində keçirilən təlimlərdə iştirak etmək istǝyǝn 80-dən artıq qadın seçilib. Maliyyə savadlılığı üzrə 3 dəfə "Gələcəyini planlaşdır" və 1 dəfə "Sahibkar ol" təlimləri keçirilib. Hər bir qadın fəaliyyət istiqamətlərinə görə biznes planı hazırlayıb, sonda təlim iştirakçılarına Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edilib ki, layihə çərçivəsində ümumilikdə 64 qadına sərmayə kapitalı verilib. Verilən 70 min sərmayə kapitalından yararlanaraq qadınlar müvafiq sahələr üzrə biznesini qurub və ya inkişaf etdirib. Sərmayə kapitalının 77 faizi ailə təsərrüfatlarının, 23 faizi isə digər fəaliyyət sahələrinin qurulması üçün verilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası idarə heyəti sədrinin müavini Süleyman Kələşov və assosiasiyanın icraçı direktoru Jalə Hacıyeva layihənin əhəmiyyətindən danışıblar. 

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihənin uğurlu fəaliyyəti barədə ətraflı məlumat verib.

Layihə iştirakçısı Qızxanım Hüseynova yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra layihə haqqında videoçarx göstərilib, layihə iştirakçılarının hazırladıqları əl işlərinə və istehsal etdikləri məhsullardan ibarət sahibkarlıq sərgisinə baxış olub.

Qeyd olunub ki, sərmayə kapitalından düzgün istifadə olunmasına nəzarət etmək məqsədilə qadınlarla müvafiq olaraq 1 və 3 illik müqavilələr bağlanılıb. Sərmayə kapitalı alan qadınların evlərində və iş yerlərində sərmayə kapitalının düzgün istifadə olunması, fəaliyyət sahələrinin inkişafı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər keçirilir, istehsal etdikləri məhsulların satışına köməklik göstərilir. Həmçinin muxtar respublikada keçirilən tədbir, festival və yarmarkalarda, ərzaq, əl işləri mağazalarında, eləcə də qadınların əl işlərindən ibarət sərgi-satışlarda, muxtar respublikanın turistik ərazilərdə fəaliyyət göstərən mağazalarda və təşkil olunan səyyar sərgi-satışlarda qadınların müvafiq olaraq əl işlərinin və istehsal etdikləri orqanik məhsulların satışları həyata keçirilir.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: