13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramı günüdür - FOTOLAR
Dəmir yolu nəqliyyatı davamlı inkişaf mərhələsindədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
Dəmiryolu təsərrüfatının sürətli inkişafı dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. O dövrdə ümummilli liderimizin şəxsi təşəbbüsü ilə dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklərə başlandı. Dahi rəhbərin dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi qayğı qısa zamanda öz bəhrəsini vermiş, yeni stansiyalar və vağzal binaları inşa olunmuşdu. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya var idisə, qısa müddətdə onların sayı 176-a çatmışdı. Bu dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometrə, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometrə çatdırılmışdır.
O illərdə Naxçıvan Muxtar Respublikasında da dəmiryolunun müasirləşdirilməsi diqqətdə saxlanılmış, artan yük və sərnişin daşınmasına olan tələbatı təmin etmək, nəqliyyat xidmətini təşkil etmək məqsədilə 1976-cı ildə dəmir yollarının Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülmüşdür. 1988-ci ildə isə Culfa-Şərur sahəsinin elektrikləşdirilməsi yük və sərnişin daşınmasında elektrovoz dartısından istifadəyə imkan yaratmışdır.
Ötən əsrin 90-cı illərində baş verən hadisələr, xüsusilə də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi dəmir yoluna da ciddi ziyan vurmuşdur. Belə ki, 240 kilometrdən artıq dəmir yolu xətti erməni təcavüzünə məruz qalmışdır. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisindən təcrid edilərək blokadaya düşmüş və dəmiryolu əlaqəsi kəsilmişdir.
1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərən ulu öndər dəmir yolu infrastrukturunun dağılmasının qarşısını almış, daxili yük və sərnişin daşımasında dəmir yolu nəqliyyatından istifadə olunmuşdur.
Ümummilli liderin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi dəmir yol nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu qayğıdan muxtar respublikanın dəmiryol təsərrüfatına da xeyli pay düşmüşdür. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, Dəstə, Yaycı, Culfa, Dərəşam, Nehrəm, Qarabörk, Naxçıvan, Şahtaxtı, Qıvraq, Şərur, Vəlidağ stansiyalarının İdaretmə Mərkəzlərində, Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati binasında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada əsaslı yenidənqurma və təmir işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” Muxtar Respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. İnkişaf Proqramına uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarə edilməsi Mərkəzi və Radio-Rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Həmçinin yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq QaraBörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından QaraBörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və QaraBörk stansiyalarına travertin- mərmər bloklarının daşınmasına başlanılmışdır. Bununla yanaşı Culfa stansiyasında “Naxçıvanterminalkompleks” Birliyi üçün 258 paqonmetr uzunluğunda yeni dəmir yolu xətti çəkilmişdir.
Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri aparılmış, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunmuşdur. Ötən müddətdə Naxçıvan, Ordubad, Şərur və Şahtaxtı stansiyalarında yolların və elektrik mərkəzləşdirmə qurğularının texniki vəziyyəti yaxşılaşdırılmış, qatarların təhlükəsiz hərəkəti təmin edilmişdir. 2014-cü ilin dekabr ayının 26-da İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır.
Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin davamı olaraq Ordubad dəmir yolu sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları, yük anbarı, sərnişin və yük platformaları kompleks tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra istifadəyə verilmiş, burada iş otaqları, yük anbarı yaradılmış, stansiya ərazisindəki 425 metrlik sərnişin platforması yenidən qurulmuşdur. Həmçinin sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə muxtar respublikanın dəmir yolu təsərrüfatına 8 yeni sərnişin vaqonu təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: "Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir".
2016-cı ilin fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İmzalanan sazişə əsasən 2017-ci il dekabr ayının 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlamışdır. Bununla əlaqədar Bakı şəhərindən 3 yeni sərnişin vaqonu gətirilmişdir. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə yeni müasir avadanlıqlar alınaraq quraşdırılmış, stansiyalarda əlavə olaraq miqrasiya və viza xidmətləri yaradılmışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin İran-İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması və səmərəli nəqliyyat marşrutları təmin edilmişdir. Belə ki, Saraks üzərindən Orta Asiyaya və Bəndər-Abbas limanına marşrutlar işlənmiş, yükdaşıma tariflərinə güzəştlər olmuşdur.
Muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə müasir tədris bazası formalaşdırılmışdır. Naxçıvan Dövlət Universitetində dəmir yolu ixtisası üzrə auditoriya yaradılmış və əyani dərs vəsaitləri ilə təmin olunmuşdur. Naxçıvan Dövlət Texniki Kollecində də Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Dəmir yolu sahəsində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılmış, istehsalatdan ayrılmamaq şərti ilə 14 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində orta ixtisas peşə kursunu müvəffəqiyyətlə bitirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin 3-cü və 4-cü kurs tələbələri dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat təcrübəsi keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 12 məzun dəmir yolunun bölmələrində əmək müqaviləsinə əsasən müvafiq vəzifələrdə çalışır.
Dəmir yolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan nümunəvi iş şəraiti, dəmiryolçulara göstərilən dövlət qayğısı onların əməyinə verilən ən yüksək qiymətdir. Ötən illər ərzində dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilmiş, onlardan 2-si Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdünə, 1-i "Şöhrət" ordeninə, 3-ü “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 24 dəmiryolçu “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Dəmiryolçular bundan sonra da öz işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.