Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir. Dövlət başçısının imzaladığı sərəncama əsasən hər il oktyabrın 13-nü Naxçıvan dəmiryolçuları da yüksək ab-hava ilə qeyd edirlər.
Naxçıvanda dəmiryolu nəqliyyatının yaranması tarixi XIX əsrin ikinci yarısına təsadüf edir. Çünki ilk dəmir yollarının çəkilişi ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı olub. Naxçıvanın isə mühüm geostrateji ərazidə yerləşməsi bu nəqliyyat dəhlizinin yaradılmasında mühüm rol oynayıb. Xüsusilə keçmiş çar Rusiyasının İranla iqtisadi əlaqələrində Naxçıvanın əhəmiyyəti danılmaz fakt idi. Naxçıvan dəmir yollarında Culfa stansiyası keçmişdən bu günümüzədək tranzit qovşaq kimi şöhrət qazanıb.
Bu gün “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, digər inzibati və yardımçı binalar əsaslı təmir olunub. Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binasının, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexi binasının əsaslı təmir edilərək istifadəyə verilməsi hazırda Culfa vaqon deposunun təmir işinin davam etdirilməsi bu proqramın icrası ilə əlaqədardır.
Bundan başqa Ordubadda sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları əsaslı təmir olunaraq istifadəyə verilib, sərnişinlərin mənzil başına vaxtında və rahat çatdırılması üçün 8 ədəd müasir tipli sərnişin vaqonları muxtar respublikaya gətirilib. Yeni vaqonlarda veb-kameralar quraşdırılması, internetə qoşulmuş, istilik və sərinləşdirmə sistemi ilə təmin olunması cari ildə sərnişinlərin qatarlardan istifadəsini də artırıb.
Qeyd etdiyimiz kimi Naxçıvan Muxtar Respublikası yerləşdiyi coğrafi mövqeyə görə nəqliyyat dəhlizində ən böyük əhəmiyyətə malikdir. Şəqdən qərbə istər dəmir yolu, istər də İpək yolu layihəsində ən qısa yol hesab olunduğundan Naxçıvan ərazisindəki Culfa dəhlizi çox böyük rol oynayır. Bu mənada Naxçıvan yaxın gələcəkdə tranzit ünvana çevrilməklə daha böyük uğurlara imza atacaq. Beynəlxalq layihələrdə tranzit daşımalarından gələn gəlirsə ölkənin inkişafında böyük rol oynayır. Bu mənada Şərq, şimal, cənub dəhlizlərindən gələn gəlir Naxçıvanın iqtisadi inkişafında böyük rol oynayacaq. Ümumiyyətlə, Bakı-Tbilisi-Qars, Bakı-Astara-Rəçt-Qəzvin dəmir yolları Naxçıvanın gələcək perspektivi üçün böyük imkanlar açacaq.
Beynəlxalq dəmir yoluna qoşulmaqla Naxçıvanın ixrac və idxal imkanları genişlənməklə yanaşı həmçinin muxtar respublikamıza turist axını da artacaq. Yəni sərnişinlər Türkiyə vasitəsilə Avropaya və yaxud Gürcüstan vasitəsilə şimala-Rusiyaya, Ukraynaya, digər tərəfdən şimal-cənub dəhlizi ilə Cinə, orta Asiya ölkələrinə çıxış əldə edəcəklər.
Ötən əsrin 90-cı illərində düşmən ermənilər Naxçıvanın qatar yolunu kəsəndə, Qərbi Azərbaycandan keçən dəmir yolumuzu dağıtdıqda elə düşünürdülər ki, bununla da Naxçıvanın dəmiryol təsərrüfatı iflic vəziyyətinə düşdü. Amma dərk etmədilər ki, heç bir bədxah niyyət inkişafın qarşısını kəsə bilməz. Bugünkü inkişaf, nəzərdə tutulan layihələr bunu aydın göstərir.
Dəmiryol sənayesinin inkişafında nəzərdə tutulan layihələr həmçinin bu sahəyə kadr potensialının yetişdirilməsini də zəruri edir. 2013-cü ildən Naxçıvan Texniki Kollecində və Naxçıvan Dövlət Universitetində dəmiryol nəqliyyatı üzrə mütəxəssislər yetişdirilir.
Naxçıvan dəmiryolçuları dövlətimizin daim diqqət və qayğısını üzərlərində hiss ediblər. Hər il dəmiryolçuların peşə bayramı günü ərəfəsində əməkdaşların təltif olunması onların əməyinə verilən qiymətin əyani ifadəsidir. Oktyabrın 10-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hacıyev Qaməddin Abbasqulu oğlu, Qasımov Akif Mustafa oğlu və Məmmədov Xalid Əbil oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Son olaraq onu qeyd edək ki, bir vaxtlar Naxçıvan dəmir yolu vağzalında hər gün qaynarlıq olardı. Bu qatarlar naxçıvanlı sakinlərin, o cümlədən tələbə-gənclərin sevimli bir nəqliyyat vasitəsi idi. Özü də təkcə rahatlıq, yol xərci baxımından münasib deyildi, həm də yol yoldaşı olan neçə-neçə insan ünsiyyət qurur, dost olur, hətta bəzi gənclər bu qatarlarda öz sevgilərini və gələcək həyat yoldaşlarını da tapırdılar. Bunlar xoş bir xatirədir, amma xəyala çevrilməyib. Çünki o günlər yenə də gələcək. Bu dəfə yollar daha uzaq ünvanlara uzanacaq və 13 oktyabrı dünyanı dolaşan qatarlarımızda qarşılayan dəmiryolçularımız da az olmayacaq!..
Hafizə Əliyeva