Yeni zaman, yeni yüksəliş və yeni həyat: Yeni Azərbaycan Partiyası ilə başladı - Sahil Tahiri yazır

A- A A+

Düz 25 il bundan əvvəl - 1992-ci il noyabrın 21-də Naxçıvanda ən yeni tariximizin daha bir parlaq səhifəsi yazıldı.

Çətin olduğu qədər də hədsiz mürəkkəb bir məqamda xalqımız, eləcə də ölkəmizin aparıcı ziyalıları Heydər Əliyev şəxsiyyəti ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratmaqla müstəqil Azərbaycanın işıqlı gələcəyinə doğru yeni üfüqlər açdılar. Həmin tarixdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının soyuq divarları partiyamızın ilk təsis konfransına şahidlik edirdi. Çıraq işığında, soyuqlu-şaxtalı günlərdə qəbul edilən digər qərarlar kimi, partiyamızın təsis qərarı da ürəklərə istilik, gələcəyə böyük inam gətirdi...

Bu gün hadisələrin gedişini qısa təhlil edərkən hər birimiz aydın görürük ki, ölkəmizin həyatında  yeni zaman, yeni yüksəliş və yeni həyat – Ulu öndər Heydər Əliyevin partiyası - Yeni Azərbaycan Partiyası ilə başlayıb. Öz proqram və prinsiplərinə sadiq qalan partiyamız qısa zaman kəsiyində ölkəmizin yeni inkişaf tarixinin əsas ideoloji və hərəkətverici qüvvəsinə çevrilib. Yeni Azərbaycan Partiyasının keçdiyi yol həm də ümummilli lider Heydər Əliyevin bizə ərməğanı olan müstəqil Azərbaycanın müasir inkişaf tarixidir...

Müdriklər deyirlər ki, sağlam ideyalar toplardan daha bərk guruldayır; sağlam fikirlər ordulardan daha qüdrətlidir; sağlam prinsiplər suvari qoşunlardan daha çox qələbə çalır. 25 illik tarix göstərir ki, böyük mübarizə yolu keçən Yeni Azərbaycan Partiyasının fəaliyyəti də sağlam ideologiya və prinsiplərə əsaslanır. Bunun nəticəsidir ki, güclü lideri və zəngin dövlətçilik təcrübəsi, uzaq hədəflərə hesablanmış siyasi-ideoloji bazası Yeni Azərbaycan Partiyası sıralarının vətənpərvər və intellektli gənclərin hesabına genişlənməsinə səbəb olub. Bu gün partiya sıralarında birləşən 700 mindən artıq üzvün böyük əksəriyyətini gənclər təşkil edir. Gənclərimiz ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin hərtərəfli  inkişafına yönəlmiş quruculuq proqramlarının icrasında və müstəqilliyimizin möhkəmləndirilməsində səylə çalışır, dahi şəxsiyyətin ideyaları ətrafında milli birlik nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyevin XXI əsr münasibəti ilə Azərbaycan xalqına müraciətində də dediyi kimi, hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk edir, onu qoruyur və möhkəmləndirir. Artıq Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmağının əsas mənbə və təminatçısı məhz Azərbaycan gəncləridir.  

Heydər Əliyev siyasi məktəbinin davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun muxtar respublikada gördüyü böyük quruculuq işləri, yaratdığı dayanıqlı ictimai-siyasi sabitlik eyni zamanda Yeni Azərbaycan Partiyasının əsas ideya və istiqamətlərinin reallaşması deməkdir. Bu da digər sahələrdə olduğu kimi, dövlət-gənclər siyasətinin də uğurla həyata keçirilməsinə imkan verir. Ötən müddətdə tikilib-qurulan minlərlə təhsil, səhiyyə, mədəniyyət ocaqları, bərpa edilib ikinci həyat qazanan tarixi abidələr, çəkilən yollar, müasirləşən infrastruktur həm də intellektli və yeni düşüncəli gənclər yetişdirmişdir. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə təhsil, mədəniyyət ocaqları, zəngin kitabxanalar, sosial xidmət sahələri fəaliyyət göstərir, yeni texnologiyalar tətbiq olunur. Bütün bunlar isə gənc nəsilin əsl vətəndaş kimi yetişməsinə ciddi əsaslar yaradır, onların qurub-yaratmaq əzmini daha da artırır.

Qazanılan bu uğurların fonunda həm də istər-istəməz ötən əsrin 90-cı illərini xatırlayırıq. Həmin vaxt müstəqilliyimiz itirilmək, bununla bərabər gəncliyimiz də məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün biz məhvdən, uçurumdan yox, gələcəyə inamla addımlayan gənclər ordusundan danışırıq. Çünki gənc nəslin dünyagörüşlü, bilikli və vətənpərvər ruhda formalaşması istiqamətində görülən işlər muxtar respublikada həyata keçirilən dövlət-gənclər siyasətinin əsas məğzini təşkil edir. Nəticə isə göz önündədir: Naxçıvan gəncləri qurur, yaradır, vətənimiz və xalqımızın işıqlı gələcəyi naminə səylə çalışaraq peşəkar mütəxəssislər kimi yetişir, həyata keçirilən müasirləşmə siyasətinə töhfə verən ictimai qüvvə kimi özlərini göstərirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanda gənclərin intellektli və vətənpərvər yetişmələrinə hərtərəfli diqqət və qayğı ilə yanaşılmaqla bərabər, həm də onlara böyük etimad göstərilir. Ona görə də gənclərimiz cəmiyyət həyatının bütün sahələrində, ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatında birləşən 54 min üzvün  22 min nəfəri gənclərdir. Bu, sadə bir statistika yox, Heydər Əliyev siyasi xəttinə və dövlətçiliyimizə sədaqətin ən bariz ifadəsidir.

22 il bundan əvvəl - 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov demişdir: “Mən hər yerdə bəyan etmişəm, bu gün bir daha bəyan edirəm ki, mənim ayrıca bir platformam yoxdur. Mənim xətt-hərəkatım Heydər Əliyevin xətt-hərəkatı, Heydər Əliyevin yoludur”.Bu gün Ali Məclis Sədrinin timsalında ulu öndər Heydər Əliyev yoluna dərin sədaqətin Naxçıvana qazandırdığı böyük uğurlar hər bir muxtar respublika sakininin həyat və fəaliyyətində hiss olunur. Ona görə də qətiyyətlə deyirik ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşən muxtar respublika gənclərinin də yolu birdir: Bu yol böyük yaradıcı gücə malik olan Heydər Əliyev yoludur!

Görkəmli mütəfəkkir Əl Fərabi deyirdi ki, “İnsan gələcəyə öz keçmişinin çiyinləri üzərində gedir”.  Yeni Azərbaycan Partiyası da xalqımızı parlaq gələcəyə 25 illik qürurverici keçmişinin çiyinlərində aparır.

Bu əlamətdar bayram gününü - partiyamızın yaradılmasının 25-ci ildönümünü qürurla qarşılayırıq. Əqidədə, işdə və əməldə birlik bundan sonra da bizi birləşdirən ən ali dəyər kimi qalacaq. Çünki partiyamızın qurucusu, ulu öndər Heydər Əliyevin dediyi kimi,"Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası daim Azərbaycanın gələcəyinə xidmət edəcəkdir".

Bir sözlə, Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası Azərbaycan var olduqca yaşayacaqdır. Çünki bu partiya ölkəmizə müstəqillik, sabitlik və inkişaf gətirib...

Bayramınız, bayramımız mübarək olsun!

Sahil TAHİRLİ,

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü

yap
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: