O dağda bir kənd var Havuş adında... - FOTOLAR
Dağ kəndlərinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə muxtar respublikamızda həyata keçirilən tədbirlər Havuş kəndini də əhatə edir. Şərur şəhərindən təxminən 30-35 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşən bu ucqar yaşayış məntəqəsi gözəl təbiəti, bumbuz bulaqları, fauna və florasının zənginliyi, həm də müxtəlif rəvayət və əfsanələrlə əbədiləşmiş «Qız qalası» (el arasında «Qız evi», «Qız qayası» da deyirlər), «Tamaşalıq», «Sarıbulaq», «Gəlin qayası», «Çıraqxana», «Hellangələn», «Dəlikdaş», «Xangəldi», «Təkarmud» kimi yer adları, ən qədim insan məskənlərindən hesab edilən «Havuş mağarası» ilə də tanınır. Kəndi ağuşuna almış hündür dağların başından axan şəlalələr isə bura gələn qonaqları heyran edir.
Havuşdakı 50 təsərrüfatda 130 nəfərdən artıq əhali yaşayır. Kənd sakinləri əsasən heyvandarlıq və arıçılıqla məşğul olurlar. Eyni zamanda, həyətyanı sahələrdə meyvə yetişdirir, tərəvəz bitkiləri əkir, 100 hektardan artıq torpaqdan otlaq və biçənək kimi istifadə edirlər. Kənddə 4 hektar cəviz, 1 hektar alma bağı vardır. Bu ilin payızında isə əlavə 4 hektarda yeni cəviz bağı salmaq üçün hazırlıq tədbirləri görülür.
Havuşda yetişdirilən dadlı-tamlı alma, armud, alça, cəviz çox məşhurdur. Yabanı halda bitən əppəkli, qaraca, yemişan, dağarmudu, itburnu, kəklikotu, qantəpər, digər meyvə və dərman bitkiləri minbir dərdin dərmanıdır. Gül-çiçəkli biçənəklərdə otlayan mal-heyvanların südü, qatığı, qaymağı, pendiri, yağı da əvəzsizdir. Havuş balının isə şöhrəti artıq respublikamızın hər yerində bəllidir.
Son illər kənddə aparılan quruculuq tədbirləri, sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər bir vaxtlar buradan köçüb başqa kəndlərdə məskunlaşan sakinlərin yenidən doğma yurd-yuvaya qayıtmasına geniş imkanlar açıb. Təkcə bu ay üç ailə Havuşa qayıdıb. Onlara əvvəlki binalarını təmir və bərpa etmək, yaxud yeni mənzillər tikmək üçün dövlət hesabına lazımi inşaat materialları verilib, məşğulluqlarının təmin olunması üçün şərait yaradılıb.
Havuşda 64 yerlik yaraşıqlı tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Son bir neçə ildə kənddə yeni mənzillər, zabit evləri, əsgər məişət kompleksi tikilib. İstirahət eləmək üçün bu cənnətməkana gələnlər hər cür şəraiti olan «Qonaq evi»ndən pulsuz istifadə edirlər.
Hazırda kənddə bir neçə yeni yaşayış evi tikilir, mövcud mənzillərdə zəruri təmir işləri görülür. Kəndin yuxarı hissəsindəki hündür şəlalənin ətrafında da genişmiqyaslı abadlıq işləri aparılıb. Şəlalənin yaratdığı çayın kənarları hörgü daşları ilə bərkidilib, üstündə pilləli hovuzlar düzəldilib, şəlaləyədək olan yol hamarlanıb.
Sakinlər fasiləsiz mavi qazdan və elektrik enerjisindən istifadə edirlər. Burada quraşdırılan müasir qəbuledici-ötürücü rabitə antennası həm telefon və internet xidmətlərindən istifadə etməyə, həm də yerli televiziya verilişlərinin keyfiyyətli yayımına imkan yaradıb.
Axura - Havuş yolunun ilin bütün fəsillərində normal fəaliyyət göstərməsi üçün rayon yol tikintisi və təmiri idarəsi tərəfindən xüsusi texnika və daimi işçilər ayrılıb. Onlar yola düşən daşları , yamaclardan sürüşmüş torpağı, sukeçərləri təmizləyirlər.
Beləcə, bir dağ kəndimiz də göstərilən diqqət və qayğı nəticəsində özünün yeni yüksəliş mərhələsini yaşayır. Kənddə həyata keçirilən sosial-iqtisadi islahatlar buranın daha xoş gələcəyindən soraq verir.
“Şərurun səsi” qəzeti