Evlərimizin bərəkəti tükənmir

A- A A+

Hər fəslin özünə görə meyvələri, tərəvəzləri, bostan bitkiləri olur. Gözəl dada, ətrə malik olan almalar, armudlar, heyvalar, bal kimi şirin üzümlər, ləpəsi ağappaq cəvizlər, mövüzlər, sapsarı kişmişlər payızın ələ düşməyən meyvələri, qurularıdır.

İndi həyətlərdən meyvələrin yığılıb tədarük edilən vaxtıdır. Oktyabr ayında alma, armud yığılır. Cəviz ağacları çırpılır, qışa saxlanılacaq meyvələr ayrı seçilir. Saxlanılmaq üçün qablara yığılıb sərin yerə qoyulur. Dəmirlə zəngin olan almaların alıcısı çox olur. Hər almadan ayrıca seçilib götürülür.

Heyva ətirli olduğu üçün bəzən onu yığıb evə də qoyurlar. Şirin və turş heyvalar ayrı seçilir. Şirin heyvadan mürəbbə, turş heyvadan isə kompot hazırlanır. Budağı üstündə kəsilən heyvalar iplərə asılanda uzun müddət təzə qalır. Heyva cemini kərə yağı ilə qarışdırıb səhər yeməklərində istifadə edirlər. Heyva yarpağı isə turşuların başına qoyulur.

Cəviz, fındıq, badam quru meyvələrdir. Bazarda yaxşı qiymətə satılır, alıcısı hər zaman bol olur. Rayonumuzun bir çox yerlərində bitən fındıq yaxşı məhsul verir. Kənd yerlərində yaşayanların gəlir mənbələrindən biri də bağ, bostan məhsullarıdır. Xalq arasında “kətan köynək” adı ilə tanınan cəvizlər yığılan vaxtı yerindəcə yaxşı qiymətə satılır. Dədə-babadan cəviz evin yavanlığı sayılıb. Onun ləpəsi lavaş və pendirlə yeyilib. Cəviz ləpəsindən dadlı küftə hazırlanır. Uzun qış gecələrində qonşular bir-birinə yığışır, ortalığa çərəzlər, quru meyvələr düzülür. Hamı birlikdə yeyib-içir, bir-birinin dərd-sərləri ilə maraqlanır.

Cəviz ləpəsi qatılmış bal ən kalorili qida hesab olunur. Mövüz, kişmiş qış süfrələrimizin həmişə bəzəyi olur. Nənələr babaların cibinə cəviz, badam qarışdırılmış mövüz və ya kişmiş tökürlər. Onlar da nəvələrinə yedizdirər bu təamları.

Payızda toplanılan quru meyvələr içərisində iydənin xüsusi yeri var. İydə müalicə əhəmiyyətli bitkidir. İydə unu qarışdırılmış bal bədəni iltihabdan qoruyur, mövsümi qış xəstəliklərinin qarşısını alır.

Bütün bu adət və ənənələr min illərdir ki davam edir. Estefat kimi nəsildən nəsilə ötürülür. Bunların arxasında isə xalqımızın  bir məntiqi  dayanır- qış üçün lazım olan hər şey payızda toplanılır.

     

Tərlan MƏHƏMMƏDQIZI

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: