Muxtar respublikamızda bütün sahələrin dinamik inkişafı dəmir yolları infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulmasında da özünü göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdıqdan sonra bu layihə çərçivəsində Qars-İğdır-Aralıq-Dilucu-Naxçıvan dəmiryolu xəttinin tikintisinə başlanılacaq. Məhz ona görə də muxtar respublikada dəmir yolların və bununla bağlı obyektlərin təmiri və yenidən qurulması diqqət mərkəzindədir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin istifadəyə verilməsi, Naxçıvan, Şərur, Culfa, Şahtaxtı, Ordubad sərnişin vağzalı binalarının əsaslı təmiri, Şərur, Culfa İdarəetmə Mərkəzləri, Culfa Lokomotiv Deposu lokomotiv briqadalarının idarə edilməsi mərkəzinin əsaslı şəkildə yenidən qurulması, Naxçıvan-Məşhəd qatarının istifadəyə verilməsi və sairə görülən işlərin bariz nümunəsidir.
Bu işlərin davamı olaraq 2016-cı ilin sentyabr ayından Culfa Vaqon Deposunda vaqonların təmiri sexinin tikintisinə başlanılıb. Tikinti “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən aparılır. Nəzərdə tutulmuş inşaat işlərinin xeyli hissəsi görülüb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin rəisi Mübariz Allahverdiyev bildirdi ki, sexin dam örtüyü vurulub, fasad hissələrinin quraşdırılması isə başa çatmaq üzrədir. Culfa Dəmiryol Stansiyası ölkəmizin ən böyük stansiyalarındandır. Vaqonların yüksək keyfiyyətlə təmir olunmasında bu sex əvəzsizdir. Sex nəzərdə tutulduğu vaxtda istifadəyə veriləcək, burada yük vaqonları təmir olunmaqla 15 nəfər daimi işlə təmin olunacaqdır.
“Arazın səsi” qəzeti