Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Kitabxananın direktoru Tamella Əsgərova çıxış edərək kitabxana əməkdaşlarını və oxucuları yubiley münasibətilə təbrik edib. Bildirib ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də Naxçıvan Muxtar Respublikası Kitabxanasıdır. Bu mədəniyyət ocağı artıq 100 ildir ki, cəmiyyətin ziyalı təbəqəsinə xidmət edir. Oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin edir, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunda olan digər sənədlərə olan tələbatını ödəyir.

Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Azərbaycan xalqının milli sərvəti olan kitabxanaların cəmiyyətimizin mənəvi potensialının artırılmasında tarixi rolu”, kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 100 ildə keçdiyi yol” adlı mövzularında çıxış ediblər.

Diqqətə çatdırılıb ki, 1922-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan şəhər kitabxanası təsis edilib. 1930-cu ildə   bu mədəniyyət ocağının bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılıb. Bu gün kitabxananın fondunda  180 mindən çox ədəbiyyat mühafizə olunur.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin kitabxanaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Vurğulanıb ki, bu diqqət dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilib, imzalanmış sərəncamlar və dövlət proqramları ölkədə kitabxanaların inkişafına güclü təkan verib. Bu qayğıdan Naxçıvan Muxtar Respublika Kitabxanasına da böyük pay düşüb.  2012-ci ildə kitabxananın bazasında Elektron Kitabxana yaradılıb. Hazırda kitabxana oxuculara ənənəvi xidmətlə yanaşı, elektron xidmət də göstərir.

Tədbirin sonunda “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası - 100” başlıqlı sərgiyə baxış olub.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: