Millətinin canlı heykəli, Şərq mənşəli siyasətçi, Avropa qiyafəli Şərq oğlu

A- A A+

Onun adı Naxçıvanın yetirdiyi görkəmli şəxsiyyətlər arasında öz ölkəsinə, vətəninə və millətinə böyük şöhrət gətirən nadir şəxsiyyətlərdən biri kimi  çəkilir. “Sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan qədim Şahtaxtının məşhur yetirmələrindən, görkəmli simalarından olan bu şəxsiyyət görkəmli maarifçi, publisist, alim, milli ziyalı kimi çox böyük bir şöhrətə malikdir. Onun haqqında bəhs edənlər həmişə qürurla, iftixarla bəhs edirlər... O şəxsiyyət ki, “millətinin canlı heykəli” kimi şöhrətlənib, dövrünün görkəmli elm adamlarından biri, məharətli diplomat, görkəmli publisist və Azərbaycan siyasi publisistikasının banisi, naşir və sonradan “Qeyrət” adlanan məşhur mətbəənin sahibi, “Şərqi-rus” qəzetinin redaktoru, cəfakeş jurnalist, Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin yaradıcılarından və onun ilk professorlarından biri, poliqlot, əlifba islahatçısı kimi nəhəng ziyalılıq siması ilə tanınmışdır.

...1846-cı ildə Naxçıvanın Araz yaxınlığında “sahib-mənsəb və ziyalılar yurdu”, “Naxçıvanın elm və mədəniyyət mədrəsəsi” kimi qiymətləndirilən Şahtaxtı kəndində bəy ailəsində doğulub.  O, ilk avropa təhsili almış, hərtərəfli dünyagörüşə və biliklərə malik olmuş nadir şəxsiyyətlərdən biridir. Söz yox, söhbət adı hər zaman böyük hörmətlə çəkilən Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtılıdan  (1846-1931) gedir. O adamdan ki, hələ 14 yaşından - 1860-cı ildən başlanan Tiflis həyatı və gimnaziya təhsili, 1865-ci ildən Peterburq həyatı, 1871-ci ildən 1873-ci ilə qədər Almaniyada Leypsiq həyatı və təhsili, 1873-cü ildən 1875-ci ilədək Fransada Paris həyatı və təhsilini təkmilləşdirmə dövrü onu gələcəyin mötəbər bir şəxsiyyəti kimi yetişdirməyə imkan vermişdir. Onun hələ Avropada olarkən Almaniyada, xüsusilə Fransada nəşr etdirdiyi əsərlər və məqalələr onun yetkin bir şəxsiyyət və ziyalı kimi tanınmasına şərait yaratmışdır.

Bu görkəmli şəxsiyyətin Azərbaycan milli mətbuatının inkişafında da müstəsna xidmətləri olub. Məhəmmədağa Şahtaxtılı 1896-cı ildə Azərbaycan dilində “Tiflis” adlı qəzet nəşr etdirmək istəmiş, amma buna icazə verilməmişdi. Bundan sonra o, bir neçə il “Moskovskiye vedomosti”, “Novoye vremya”, “Kafkaz” kimi rusdilli mətbuat orqanları ilə əməkdaşlıq edir, hətta bu qəzetlərin İstanbul müxbiri kimi də fəaliyyət göstərir, Türkiyədə çap olunan “Stambul” (fransız dilində) və “Əxtər” (fars dilində) qəzetlərində, “Şərq ədəbiyyatı” jurnalında elmi və publisist məqalələrlə “Mehmet bəy” imzası ilə çıxış edirdi. Məhəmmədağa Şahtaxtılı o zaman Bakıda rus dilində nəşr olunan “Kaspi”də də çalışmış (1891-1919), hətta üç ay ərzində (iyun-avqust) bu qəzetin müvəqqəti baş redaktoru da olmuşdu. M.Şahtaxtılı “Kaspi” vasitəsilə gündəmə Azərbaycan mövzusunu gətirərək, məşhur “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” adlı məqaləsini nəşr etdirib. 1920-ci illərdə isə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə yeni əlifba ilə nəşrə başlayan “Yeni yol” qəzetində də məqalələr verərək əsasən “əlifba məsələləri ilə bağlı dəyərli məqalələrlə çıxış edib. Azərbaycan jurnalistikası və mətbuatının qocaman simalarından olan Məhəmmədağa Şahtaxtılı, ümumiyyətlə, dövrün “Ziya”, “Kaspi”, “Tiflisskiy listok”, “Novoye obozreniye”, “Kafkaz” və digər mətbuat orqanlarının fəal əməkdaşı idi.  Məhəmmədağa Şahtaxtılı yerli mətbuat orqanlarında daha çox “Qəzetnəvis”, xarici mətbuat orqanlarında isə “Mehmet bəy” imzası ilə yazırdı. Mətbuatın siyasiləşdirilməsi, siyasi publisistikanın yaranması və mətbuatın ümumxalq maraqlarına, istiqlal və milli hüquqlara xidmət etməsində onun və onun baş redaktoru olduğu “Şərqi-rus” qəzetinin xidmətləri misilsizdir. O, Azərbaycan mətbuat tarixində siyasi publisistikanın banisi olduğu kimi, ilk dəfə silsilə məqalələr yazmaq ənənəsinin də əsasını qoydu. Onun “Hər gün bir az” başlıqlı 56 məqalədən ibarət məqaləsi Azərbaycan mətbuatı tarixində silsilə məqalənin ən yaxşı nümunəsi hesab edilir.

Azərbaycan milli mətbuatı tarixində “Əkinçi”dən keçən uzun müddət ərzində yalnız 1903-cü ildə nəşrinə nail olunan “Şərqi-rus” qəzeti Azərbaycan dilini mətbuatın dilinə çevirməyə müvəffəq olmuşdu. Məhəmmədağa Şahtaxtılı və onun məsləkdaşlarının birgə səyi ilə ana dilində nəşr olunan bu mətbu orqan xalqın mənafeyi naminə bir çox uğurlara imza atdı. İctimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzularda çıxış edən “Şərqi-Rus” qəzeti Tiflisdə Azərbaycan dilində həftədə 3 dəfə çıxırdı. İlk nömrəsi 1903-cü il martın 30-da, sonuncu nömrəsi isə 1905-ci il yanvarın 15-də çıxan, 2 ilə yaxın bir müddətdə çap olunan qəzetin cəmi 392 nömrəsi çıxıb. Qəzetin həm də Bakıda 1905-ci ilin əvvəllərində ““Şərqi-rus”un “Teleqramları”  adlı axşam xəbərlərinin bir neçə sayı da işıq üzü gördü. Ona da redaktorluğu görkəmli publisist, alim, naşir Məhəmmədağa Şahtaxtılı edirdi. Son 45 nömrənin redaktoru isə ədibin yaxın dostu və silahdaşı görkəmli publisist və ədib Cəlil Məmmədquluzadə oldu. 1904-cü ildən gündəlik çap edilməyə başlayan “Şərqi-rus” qəzeti milli mətbuatçılıq sahəsində özünəməxsus nailiyyətlərlə yadda qaldı.

Məhəmmədağa Şahtaxtılı dövrünün C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ö.F.Nemanzadə, H.Cavid, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi və başqa görkəmli ziyalılarını ətrafında toplayaraq mətbuatı milli maraqlara xidmət vasitəsinə çevirdi. Onun uğurla başçılıq etdiyi qəzetdə ana dili ilə bağlı islahatlar, qadın azadlığı, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə təhsil sisteminin inkişaf predmetləri və sair məsələlər əsas mövzunu təşkil edirdi. Ümumiyyətlə, qəzetin əsas məqsədi türk-müsəlman xalqlarını maarif və mədəniyyətə cəlb etməkdən ibarət idi.  Deyildiyi kimi, ümumən, “qəzetdə Azərbaycan probleminə, azərbaycanlıların maariflənməsi və dirçəlişi məsələsinə üstünlük verilirdi”. Qəzetin məqsədi, məramı və iş prinsipi ilə bağlı redaktoru M.Şahtaxtılı özü belə yazırdı: “Qəzeti gündəlik etdik. ...Amma nə etməli, işləməli ki, müsəlmanlar (yəni azərbycanlılar – R.Q.) da heç olmazsa, ... mədəni qövmlər kimi yaşaya bilsinlər. Yəni yerlərindən qalxanda bizim canımız, sinirlərimiz, beyinlərimizlə hazırlanan “Şərqi-rus” nömrəsini ələ alıb, dünyanın o günkü vüquatına öz dillərində asanlıqla, gülə-gülə, çay içə-içə ettela kəsb etsinlər”.

Görkəmli publisistin naşiri və redaktoru olduğu “Şərqi-rus” qəzeti həm də “xalqa türklük şüurunun aşılanması, türkçülük ideyalarının təbliği ilə müntəzəm məşğul olmuşdur”. Onun Fransada kitab halında nəşr etdridiyi “Türkiyəni necə xilas etməli?” əsəri, habelə Fransa mətbuatında çap etdirdiyi “Əlifba və mədəniyyət”, “Biz nə haqda düşünürük?”, “Şərq böhranı” kimi məqalələrilə özünü yetkin bir Avropa düşüncəli Şərq ziyalısı kimi tanıtdırmış, həmçinin mənsub olduğu milləti və xalqının, regionunun problemlərini də Avropa ictimaiyyətinə çatdırmağa müvəffəq olmuşdu. Onun “Qafqaz” qəzetində nəşr etdirdiyi silsilə “Konstontinopoldan məktublar” məqaləsi, habelə “Müsəlmanlarda məktəb həyatı”, “Novoye obozreniye” qəzetində nəşr etdirdiyi “Konstitusiya və müsəlmanlar”, “Mirzə Melküm xan” məqalələri maraqlı idi. Bu yazılar həm də 1879-cu ildə rus dilində nəşr etdirdiyi “Təkmilləşdirilmiş müsəlman əlifbası” kitabı ilə həm müsəlman aləmi üçün vacib problemləri, inkişaf və dirçəlişin yolları haqda düşüncələrini, məktəb və yeni əlifbanın zəruri vasitəyə çevrilməsi ehtiyacını ifadə etməklə yanaşı həm də o zaman üçün bütün türk dünyasının böyük qardaşı olan Osmanlı  Türkiyəsinin mövcud ictimai-siyasi vəziyyəti, onun problemləri və çıxış yolları haqda təəssüratlarını əks etdirirdi. Məhəmmədağa Şahtaxtılı ilk dəfə xalqımızı mətbuatda “azərbaycanlı” adlandıran ilk azərbaycançı alim və ziyalılardan biridir.

Azərbaycan xalqının görkəmli oğlu Məhəmmədağa Şahtaxtılı Azərbaycan ictimai-mədəni və elmi fikir tarixində həm də “ilk azərbaycanlı professor” kimi də böyük şöhrətə malikdir. Ölkəmizin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin uzunmüddətli müəllimi kimi fəaliyyət göstərmiş Məhəmmədağa Şahtaxtılı bu ali təhsil ocağının ilk professorlarından da biri idi. Burada şərqşünas kimi çalışan Məhəmmədağa Şahtaxtılıya məhz bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası professor elmi adını vermişdi. Məhəmmədağa həm də poliqlot alim kimi şöhrət qazanmış bir ziyalıdır. O, ərəb, fars, rus, ingilis, fransız dillərini, ümumiyyətlə isə, 7 xarici dili mükəmməl bilirdi. Məhəmmədağa o ziyalılardan idi ki, həm Avropa mədəniyyəti, dəyərləri və biliklərini Azərbaycan reallığına gətirdi, həm də Azərbaycan reallıqlarını və dəyərlərini Avropada müvəffəqiyyətlə təmsil və təbliğ edirdi. Haqqında akademik İsa Həbibbəylinin də bəhs etdiyi kimi, o, “Avropalılar üçün tanınmış “şərq mənşəli siyasətçi”, ruslara görə, millətinin cəsarətli müdafiəçisi, Azərbaycan baxımından isə “Avropa qiyafəli Şərq oğlu idi. ...Bu nəhəng şəxsiyyətin Azərbaycana Qərb maarifçiliyi ənənələrini gətirmək, doğma xalqını Şərq fanatizmindən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük vəzifələrin həyata keçirilməsinə təkbaşına etdiyi xidmət həmin amala ömür sərf etmiş bütöv bir ziyalı nəslinin fəaliyyətinə bərabərdir”.

Məhəmmədağa Şahtaxtılı Azərbaycan elmi, ədəbi və ictimai fikir tarixində daşıdığı mühüm xidmətlərə görə dövlət səviyyəsində onun xatirəsi həmişə əziz tutulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmmədağa Şahtaxtılının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 27 fevral 2006-cı il tarixli Sərəncamı da görkəmli ziyalının xidmətlərinə göstərilən dövlət qayğısı və ehtiramın bariz bir nümunəsidir. Məhz bu sərəncam işığında Naxçıvanda yaşayan elm adamları və ziyalılar tərəfindən görkəmli fikir adamının həyat və yaradıcılığı yenidən araşdırma obyektinə çevrilib. İlk dəfə görkəmli ədəbiyyatşünas alim akademik İsa Həbibbəylinin tərtibçiliyi ilə seçilmiş külliyyatından ibarət “Seçilmiş əsərləri” çap olunub. Həmçinin Naxçıvan şəhərindəki Kitab evinin adının da Məhəmmədağa Şahtaxtılının adını daşıması bu görkəmli fikir adamı və ziyalıya ehtiramın məntiqi ifadəsi kimi razılıq doğurur. “Naxçıvan” jurnalının xüsusi buraxılışının bu görkəmli maarifçi ziyalıya həsr olunması və AMEA Naxçıvan Bölməsində “Məhəmmədağa Şahtaxtılı: taleyi və sənəti” kitabının da dövlət qayğısı ilə çap olunması görkəmli şəxsiyyətin həyatı, fəaliyyəti və irsinin öyrənilməsi və təbliği baxımından diqqətəlayiqdir. Görkəmli elm adamı akademik İsa Həbibbəylinin böyük zəhməti ilə çapına nail olduğu “Məhəmmədağa Şahtaxtlı. Seçilmiş əsərləri” (I cild) kitabında bu görkəmli ziyalının əsərlərinin bir hissəsi toplanıb. Bu gün Şahtaxtinskilərin doğma dədə-baba yurdu olan Şahtaxtı kəndində kütləvi ziyarət yerinə çevrilən Şahtaxtinskilər muzeyi də Şahtaxtinskilərə dövlət səviyyəsində verilən qiyməti və göstərilən ehtiramı aydınlığı ilə təzahür etdirir.

Beləliklə, Azərbaycan milli mətbuatının görkəmli orqanlarından birini təsis və ona redaktorluq edən Məhəmmədağa Şahtaxtılı milli jurnalistikamızın inkişafına öz layiqli töhfələrini vermiş, redaktorluq etdiyi “Şərqi-rus” qəzeti isə Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmətləri ilə yadda qalıb. Bu mətbuat orqanı həmçinin öz ətrafına topladığı ziyalılara jurnalistika təlimi keçməklə milli jurnalistikamızın inkişafına görkəmli ziyalılar bəxş edib.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: