Badamlının badam barı

A- A A+

Bu iki nemət – sayı-hesabı olmayan badam ağacları, bir də Ulu Yaradanın möcüzəsi olan “Badamlı” suyu Şahbuz rayonunun Badamlı kəndinin adını nəinki muxtar respublikada, bütün ölkəmizdə məşhurlaşdırıb. Barı-bərəkəti, bir də bənzərsiz mənzərələri ilə fəsillər gözəli olan payızın bu günlərində elə vaxtdır ki, kəndlinin aylarla gözlədiyi an gəlib yetişib. Həmişəki kimi, bu il də ağacların barına görə planını qurub, məhsulundan gələn gəliri ailəsinin bir dərdi-sərinə xərcləyəcəyini müəyyənləşdirən kəndlilər badam, cəviz çırpır, qabıqdan çıxarır, bir yerə toplayır, sərir, qurudur, satışa hazırlayırlar.

2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul edilən Dövlət Proqramının icrası  minlərlə hektar sahədə meyvə bağlarının salınması ilə nəticələnib. Belə bağlar arasında muxtar respublikamızın iqlim xüsusiyyətləri nəzərə alınaraq əkilən qərzəkli meyvələrdən olan badam üstünlük təşkil edir. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarının birində ölkə ərazisindəki badam bağlarının əksəriyyətinin Naxçıvan Muxtar Respublikasında olduğunu vurğulayıb və  badamçılığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Həqiqətən də, bu da bir faktdır ki, Azərbaycan üzrə badam istehsalının 83 faizini muxtar respublikamız təşkil edir. Badamın məskəni olan Badamlı kəndi isə Naxçıvanda ən çox badamçılıqla məşğul olan kənddir. Onu da vurğulayaq ki, Badamlı Şahbuz rayonunun su sarıdan heç bir vaxt korluğu olmayan yaşayış məskənlərindəndir.

Badamlı kəndinin mərkəzinə çatmamış, yol kənarında belə bağlardan birinə – 6 hektarlıq ərazini əhatə edən badam bağında daxil olanda ağacların kölgəsində yaşları 70-dən artıq olan, bir-biri ilə şirin söhbət edən iki kənd sakini ilə qarşılaşırıq.

Onlardan biri – Dostəli Məmmədov bu bağın sahibidir. Digəri isə illərdir, badamçılıqla məşğul olan İsa əmidir. İsa əmi deyir ki, evinin həyətində və pay torpağında 70-dən artıq badam ağacı var. İl yaxşı gələndə onlardan 500-800, hətta 1000 kiloqram məhsul götürür. Ötən payızda isə 1000 ədəd badam tingi yetişdirib. Deyir ki, kənddə ən az badam ağacı olan ev ildə 100-200 kiloqram məhsul götürür.

 İsa əmi kəndin adı ilə bağlı maraqlı məqamlara toxunur. Deyir ki,  mənim 72 yaşım var, atam da 95 yaşında rəhmətə gedib. O deyirdi ki, gözümü açıb, bu badamları burada görmüşəm. Deyirlər badam ağacı 100 ildən çox yaşayır. Budur, bəlkə də, 200 yaşı var. Lap qədimlərdə bu kəndin dağı, dərəsi tamamilə badamça kolları ,yəni cır badam olub. Elə indi də dağlar badamça ilə doludur. Badamın əcdadı badamçadır. Burada yaşayış olandan sonra insanlar həmin badamçalara calaq vurmaqla bu yabanı bitkini mədəniləşdirib artırıblar, kəndin adı da Badamlı olub. Buradakı əvəzsiz və qiymətli su da sonralar kəndin adı ilə bağlı “Badamlı” adlandırılıb.

Kəndin  mərkəzinə doğru irəlilədikcə yolboyu həyətlərdən “boylanan”, hətta kənddə ötən illərdə tikilmiş məktəb binasının, kənd və ticarət mərkəzlərinin həyətyanı sahələrdəki  badam ağaclarının “öz yüklərini” yerə qoyandan sonra bir qədər də şux görünüşləri, xəfif küləkdən titrəyən yarpaqları adamda belə bir təəssürat yaradır ki, onlara gözoxşarlığını verən bu yerin torpağı, havası, suyudur. Çünki badamın hər yeri özünə məskən seçməməsi onun əsas özünəməxsus xüsusiyyətlərindəndir. Elə düşündüklərimizi bir azdan görüşüb söhbət etdiyimiz 40 il kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən, hazırda isə təqaüddə olan Süleyman Rzazadə də təsdiq edir. O deyir ki, Şada kəndi buradan 7 kilometr aralıdadır, Ayrınc kəndi isə o dağın arxasındadır, 3 kilometr aralıda. Gəlin 3 badam tingini bir gündə bu kəndlərə əkək və bir ildən sonra baxaq. Görəcəksiniz ki, Şadada və Ayrıncda əkdiklərimiz bir az böyüyüblər. Bu kənddəki tingi isə gördükdə gözlərinizə inanmayacaqsınız ki, onlarla bir gündə əkilib. Badam bu iqlimi, havanı, suyu, torpağı sevir. Süleyman müəllim onu da qeyd etdi ki, ötən illərdə kənddəki Zillan massivində kömür tapılıb. Kənd ağsaqqalları bunun badam ağacının kömürü olduğunu söyləyirdilər. Buda  kəndin yaşının uzaq keçmişə söykəndiyini təsdiqləyən faktdır.

Soruşanda ki, bəs bu kömürü necə tanımaq olar, cavab belə oldu:

Ocaqda alışan palıdmı, qozmu,

Çırtıltıdan duyub, közdən bilərsən.

Süleyman müəllim onu da çox inamla deyir ki, iki ocaq qalansın, biri qaraağacla, biri badamça ilə, közünə baxaq, deyək ki, bunlardan hansı hansıdır. Çünki badamçanın oduncağı bərk olduğu üçün közü də yaxşı olur. Deyir ki,  kənddə badamın 8-12 növü var. Onlardan buta, daş, kətanköynək, püstə, acı, dənə badam çox məşhurdur.  Buta badamın quruluşu eynilə butanı xatırladır. Kətanköynək nə püstə kimi yumşaq, nə də daş badam kimi sərtdir. Daş badam ən yaxşı badam növüdür, çünki onun məhsulunu bir neçə il saxlasan da, xarab olmur. Lakin püstə badam qalanda qurdlanır. Odur ki, onu tez istifadə etmək lazımdır. Acı badamın tərkibində amiqdalin qlikozidinin olması ləpəyə acı dad və özünəməxsus ətir verir. Badamın bu növündən xalq təbabətində şəkər xəstəliyinin dərmanı kimi istifadə olunur. Ümumiyyətlə, badam zəngin tərkibə malik, ləpələri doymamış yağ turşuları və bitki mənşəli zülalların təbii mənbəyidir. Tərkibindəki zülallar orqanizm üçün vacib, əvəzolunmayan amin turşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor, maqneziumun miqdarı daha çoxdur. Şirin badam xalq təbabətində qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi xəstəliklər zamanı istifadə edilir. Badam qaraciyərin və dalağın işini yaxşılaşdırır, yüngül ödqovucu təsir göstərir, həzmi və iştahanı normallaşdırmaq, yumşaldıcı təsirə malikdir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələri yeniləyir. Badamı qiymətli edən onun tərkibində yüksək miqdarda olan yağlardır.Acı badamda 45, şirin badamda isə 62 faiz yağ olur. Kənddə onlarla ailə badam istehsalı ilə öz təsərrüfatlarını qurub. Bu, əsasən, torpaq islahatından sonra olub. Kəndlilərə verilən pay torpaqlarında onların badam ağacı əkmələri bu təsərrüfatların yaradılmasına səbəb olub. Ailəliklə istər həyətində, istərsə də pay torpağında badamçılıqla məşğul olanlar onu bazara çıxarmaqla hər il xeyli gəlir əldə edirlər. Bu barədə 300 badam ağacı olan kənd sakini Əmrah Abbasov deyir: – Badamçılıq gəlirli sahədir. Onun ləpəsi bazarda yay-qış dəyişməyən qiymətədir. Becərilməsi isə çox asandır. Mövsümdə 2-3 dəfə suvarmaq kifayət edir. Bir az yığmaq çətindir, amma asan iş yoxdur ki. Gərək əziyyət çəkəsən ki, nəyinsə sahibi olasan. Afət Məmmədov isə övladları və əmisi oğlu ilə birlikdə kəndin “Yüz putun” deyilən yerində icarəyə götürdüyü 7 hektarlıq ərazidə yeni badam bağı salıb, burada 4500-dək ting əkib-becərir. Bir-iki ilə ağaclar tam bara çatacaq. 77 yaşlı Zinyət nənə isə söhbətinə  badamla bağlı yaranan bayatılarla başladı:

Əzizinəm, badam göz,

Şirin dildə şirin söz,

 Acı danışmaz ki, heç,

Püstə dodaq, badam göz.

Əzizim, kətan köynək,

Al mənə kətan köynək,

Badamdan da pay gətir,

O da ki kətan köynək.

Üç qız anası olan Zinyət nənə deyir ki, qızlarıma bir iş tapşıranda bu bayatılarla onları oxşayırdım ki, onu ürəyimcə etsinlər. O, badam ağaclarının gəlirindən danışaraq deyir ki, üç qız köçürmüşəm, üçünün də cehizini həyətimin badamını satmaqla almışam. Onu bazara da çıxarmışıq, qapımızın ağzındaca “bir yerdən” də satmışıq. Badam bizim ruzi mənbəyimizdir. Zinyət nənə kənddəki inanclarla bağlı deyir ki, burada acı badam öskürəyin dərmanı hesab olunur. Onu qurudub üyüdürsən, balla qarışdırıb qaranlıq bir yerdə qırx gün saxlayırsan. Öskürən adam səhərlər acqarına ondan bir çay qaşığı istifadə edir, bir həftəyə onda öskürəkdən əsər-əlamət qalmır. O, üyüdülmüş acı badamı süddə bişirib yeməklə də soyuqdəymənin bədəndən tez çıxardığını  söyləyir. Zinyət nənə belə bir məsləhət də verir ki, dava-dərmandan yox, təbii nemətlərdən istifadə etməyə çalışın ki, sağlamlığınız əldən getməsin. Kənd sakini, həm də kənd mədəniyyət evinin müdiri Azadə Rüstəmova badamla bağlı yaranan haxıştalardan bir neçəsini söyləyərək deyir ki, kəndimizdə elə bir toy olmaz ki, xınayaxdı mərasimlərində bunlar deyilməsin:

Xonçada badama bax, haxışta.

 Burdakı adama bax, haxışta.

Qardaşım bir qız sevib, haxışta

Gözləri badama bax, haxışta.

 Ay gözləri badamı, haxışta.

 Öldürürsən adamı, haxışta.

 Gəl alım qardaşıma, haxışta.

 Allam sənin qadanı, haxışta.

 Azadə xanım badamla bağlı daha maraqlı inancdan söhbət açır: – Bizim toylarımızda xonçaların bir neçəsi badamdan tutular. Həm qabıqlısından, həm də içindən. Kənddə yaranan inanca görə qız-gəlin getdiyi evə hökmən bir böyük xonça qabıqlı badam aparmalıdır. Belə deyirlər ki, xonçadakı badamın sayı qədər il ruzili, bərəkətli keçər. Bu ruzinin ardınca da ruzi gələr. Müsahibim badamın məişətdə istifadəsindən də danışır. Deyir ki, bayram süfrələrimizin yaraşığıdır badam. Həm çərəz kimi, həm də şirniyyatların tərkibində. Badambura biz qadınların ən çox bişirdiyi şirniyyatlardan birinə çevrilib. Çünki bu, badamdan hazırlanır, o da ki bizdə boldur. Novruz bayramında şəkərburanı, paxlavanı da badamla bişirərik. Cəvizdən, fındıqdan fərqli bir dadı vardır badamın. Tortların hazırlanmasında, bəzədilməsində də badamdan çox istifadə edirik.

 Kəndin mərkəzi ilə addımladıqca burada qarşılaşdığımız quruculuq töhfələri, abadlaşdırılaraq gündən-günə daha yaraşıqlı görünən bağ-bağatlı evlər bu yaşayış məntəqəsinin xoş günlərindən xəbər verir. Kənd icra nümayəndəsi Əjdər müəllim deyir ki, kənddə 185 evin, bu evlərin həyətlərində həm cavan, həm ortayaşlı, həm də yaşı 100-dən çox olan badam ağaclarının olduğunu, kənd camaatının isə xeyrini görüb ildən-ilə bu sahəni genişləndirdiklərini nəzərə alsaq, bu kənd badamçılığın inkişaf etdirilməsi sahəsində Azərbaycanın digər bölgələrinə nümunə ola bilər.

 Son söz olaraq onu da deyək ki, bir zamanlar kəndin ərazisi olan Badamlı qəsəbəsində hazırda “Badamlı” mineral sular zavodunun tikilməsi bu kəndin badamının, bir də “Badamlı”sının şöhrətini daha da artıracaq.

 

Mətanət Məmmədova

“Şərq qapısı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: