Hər birimiz bir şam işığı qədər işıq verə bilsək…

A- A A+

…Hər insanın ömründə elə məqam olur ki, həyatla ölüm arasında qalanda o “nazik cizgi”nin məsuliyyəti məhz həkimlərin çiyinlərinə düşür. İnsanlar xəstələndikdə öz dərd-səri, ağrı-acısı ilə həkimlərə üz tutur, tibb işçilərinə ən dəyərli nemətlərini-özlərinin və yaxınlarının sağlamlıqlarını etibar edirlər. Bu halda o ağır anları xəstə ilə bərabər yaşayan, onu xilas etməyə çalışan, onunla xəstələnib onunla sağalan, kiminsə həyatınin məsuliyyətini daşıyan, həyati vacib qərarlar qəbul etməli olan həkimin hansı hisslər yaşadığını, ona necə iradə, dözüm tələb olunduğunu sözlə ifadə etmək çox çətindir. Nə yeni texnologiyalar və müalicə metodları, nə bilik, təcrübə və hətta Hippokrat andına sadiqlik həkimin səbrini, həssaslığını, mərhəmətini və qayğısını əvəz edə bilməz.

Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində 713 həkim, 2 mindən artıq orta tibb işçisi çalışır. Sayı 30 dan artıq olan muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlərin, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin isə 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

Tikilərək və ya yenidən qurularaq istifadəyə verilən şəhər və rayon xəstəxanaları, mərkəzlər, dispanserlər, kənd­lərdəki həkim ambulatoriyaları və feldşer-mama məntəqələri son illər ərzində genişmiqyaslı islahatlar çərçivəsində aparılan quruculuq işlərinin bəhrəsidir. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək deyib: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar   əldə  edilir”.

Naxçıvan Muxtar Respublikasında tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Çünki səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır.

Ötən il muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporal Membran Oksigenasiyası (ECMO) kimi insan həyatı üçün mühüm olan cihazla təmin olunub. Bu və digər səhiyyə müəssisələri ən müasir aparat və avadanlıqlar, müasir laboratoriyalar, ixtisaslaşmış kabinələrlə təchiz edilib.    Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür.

Hazırda əhalinin hər bir qrupuna, o cümlədən uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaq əhalisinin sağlamlığının qorunmasına, müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq bu il oktyabrın 9-da Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir. Bunun üçün səhiyyə müəssisələrinin ən yeni tibbi avadanlıqlarla təchiz olunması davam etdirilir. Ötən il isə fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulub. Elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı, Solyusk lampası ilə müalicələr kəndlərdə insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Tibb Kolleci binasının əsaslı yenidənqurmadan sonra açılışında deyib: “Səhiyyə sahəsində daim yeniliklər tətbiq olunur. ...Bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda ölkəmizin gələcəyinə hesablanmışdır. Çünki hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər.”

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. İxtisaslı tibbi kadrların yetişdirilməsi ilə yanaşı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkə­lərdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikanın səhiyyə sistemi əhalinin sağlamlığının keşiyində durmağa tam hazır və qadirdir.

Naxçıvan səhiyyəsində mütəmadi olaraq ilklərə imza atılması artıq ənənəyə çevrilmişdir. Yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılması, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.

                      Hüseyn Əsgərov

                     əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: