Dəniz səviyyəsindən 3120 m yüksəklikdə, Küküdağın ətəyində, eyni adlı çayın sahilində, Dərələyəz silsiləsinin cənub –qərb yamacında yerləşən, Şahbuz rayonun füsunkar və abad kəndlərindən olan Küküdə payızın öz gözəlliyi var. Dörd tərəfi dağlarla əhatə olunan kəndin gözəl təbiəti artıq payız libasına bürünüb. Dağ yamacındakı yabanı kol bitkiləri, meyvə ağacları, həyətyanı sahələrdəki bağların bar bəhrəsi, səhərin erkən saatlarında bu bağlarda ailəliklə məhsul yığımı ilə məşğul olan insalar isə bu gözəlliyə ayrı bir rəng qatır.
Rayon mərkəzindən 20 km aralıda yerləşməsinə baxmayaraq kəndə gələn yolu 15-20 dəqiqəyə qət edirsən. Buna səbəb isə mənzil başınadək ilan kimi qıvrılan yolların rahatlığıdır.
1632 nəfər əhalinin yaşadığı Kükü kəndinin kifayət qədər geniş ərazisi var. Kənddə son illər inşa edilən bir-birindən yaraşıqlı tikililər bu dağ kəndinin hüsnünü daha da gözəlləşdirib. Kəndin sosial-iqtisadi, mədəni inkişafı yüksək səviyyədədir. Kəndin iqtisadiyyatının əsasını bağçılıq təşkil edir. Bu sahədə daha çox üstünlük isə alma bağlarına verilir. Hər kəsə də yaxşı məlumdur ki bu kəndi hər yerdə tanıdan məşhur Kükü almasıdır. İlin bu mövsümündə yetişən Kükünün al qırmızı almaları bağların bəzəyidir. Kənd sakinləri alma bağlarından gələn gəlir hesabına ailə büdcələrini, dolanışıqlarını xeyli yaxşılaşdırıblar. Burada meyvə bağlarına maraq uzun illər əvvəl olub, 1960-cı illərdə kənddə geniş alma bağları salınıb . Zaman keçdikcə həmin sahələr köhnəlib, ağacların məhsuldarlığı aşağı düşdüyünə görə kükülülər onları yeni bağlarla əvəz ediblər. Yəni bu qədim təsərrüfat ənənəsini yeniləməklə bu günədək yaşadıblar.
Bu gün isə kənddə 30 hektar alma bağı var. Səhərin gözü açılandan kükülülər alma bağlarında məhsul yığımı ilə məşğul olurlar. Burada hansı küçədən, döngədən keçsən hər addımda alma bağlarını görmək və bu bağlardan gələn, payız mehinə qarışan xoş ətri duymaq mümkündür. Məşhur bir bayatıda da deyildiyi kimi
Bu yerdə hər bağ alma,
Dərə alma, dağ alma.
Kükülü bağbanlar sentyabr ayından başlayaraq bağlardan alma yığırlar. Hazırda alma bağlarında məhsul yığımı yekunlaşmaq üzrədir. Bağlarda almanın 25 növü yetişir. Yığılan məhsulun bir qismi soyuducu anbarlara verilir, bir qismi xüsusi damlarda saxlanılır, bir qismi isə bazara çıxarılır. Bu il kənddəki alma bağlarından 100 tona yaxın məhsul yığımı gözlənilir. Son vaxtlar kənddə yeni bağlar da salınıb. Bu da səbəbsiz deyil çünki Kükü almasına bu gün tələbat çoxdur. Dövlət kənd təsərrüfatına böyük diqqət ayırır, yetişdirilən məhsul isə kəndlinin təkcə qida ehtiyacı deyil, həm də maddi gəlir yerinə çevrilir. Belə olanda isə təsərrüfat sahiblərinin bu sahəyə marağı artır.
Maraqlı fakt odur ki, Şahbuz rayonun əksər dağ kəndlərində- Biçənəkdə, Keçilidə, Külüsdə, Nursuda tarixən meyvə bağları olub. Burda digər meyvələr kimi geniş alma sahələri də salinib. Külüs Kəndindəki Hacı Müslümün bağı, Nursuda Məmməd Arazın atası İnfil kişinin saldığı alma bağları zamanında çox məşhur olub. Amma yenə də bir brend kimi Kükü almasının adı çəkilir. İş burasındadır ki, Kükü alması digər almalardan dadına görə fərqlənir. Buranın havası və suyu , həm də dəniz səviyyəsindən çox yüksəkdə yerləşməsi almanın dadına təsir edir. Bir də yetişdirmə ənənəsi, almaya qulluq da fərqlidir.
Kükü sakinləri üçün almanın digər şirəli meyvələrdən üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri də müxtəlif olur. Kükülülər bu meyvədən təbii halda istifadə etməklə yanaşı həm də mürəbbə, kompot, cem, sirkə, qax kimi nemətlər də hazırlayırlar. Hətta bəzi fərasətli evdar qadınlar xırda almaları turşuya da qoyurlar. Təbii ki, almanın da ondan hazırlanan bu nemətlərin də insan orqanizminə faydası böyükdür. Bu “cənnət meyvəsi”nin ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur. Bundan başqa Naxçıvan şəhərində alma sirkəsi istehsal edən müəssisənin də əsas xammal bazası Kükünün alma bağlarıdır. Kükü alması çay, qonaqlıq, bayram süfrələrinin bəzəyi, toy-düyün xonçalarının yaraşığıdır. Bu kənddə alma, dost tanışa , qohum əqrəbaya göndərilən ən yaxşı pay, bayram görüşlərində isə ən yaxşı sovqatdır.
Bir sözlə bu torpaqlarda bitən nemətlərin sayı hesabı yoxdur, dadlı, ətirli meyvələr, gül-çiçəklər, min bir dərdin dərmanı olan otlar və daha nələr, nələr? Yurdumuzda Culfanın heyvası, Şərurun şaftalısı, Ordubadın limonu, Sədərəyin üzümü kimi Kükünün də alması məşhurdur.
Kükünün alma bağlarında yetişən Belflor alam bal kimi sirinliyi, Qışqızılı turşa şirin dadı, Tabaq alma böyüklüyü , qıpqırmızı rəngi, Konfet alam dadı və gözəlliyi ilə gözəldir. Kükünün şah alması isə Belflor və Konfet almadır. Hələ bu bağlarda yaşamaq haqqı qazanan adını çəkmədiyimiz daha neçə neçə alma növü var. Hər birinin də könül açan adları , ruh oxşayan dadları var ...
Türkanə Əmoyeva