Əshabi-Kəhfdə qovuşduğum mənəvi ucalıq - Sahil Tahirli yazır - FOTOLAR

A- A A+

Bu fani dünya ilə 100 yaşında vidalaşan Fatma nənəm İkinci Dünya müharibəsini həmişə ürəkağrısı ilə xatırlayar, sonda da bir-iki bənd ağı ilə dövrün gərdişini lənətləyərdi. Asan deyildi, bu müharibənin sərt sazağı ondan doğma qardaşını, ömür-gün yoldaşını, kəndimizdə həyata yenicə atılan yüzlərlə kürəyi yerə gəlməyən gənci alıb aparmışdı. Üç körpəni yetimçiliklə böyütmüşdü. Gecə-gündüz kolxozda kağ vurmaqdan, kətmən çəkməkdən əlləri cadar-cadar olmuşdu. Elə həmin əllərində ovub kirkirədə una çevirdiyi buğda ilə uşaqlarına həyat vermişdi.

Uşaq vaxtı saçımı oxşayanda elə bilirdim başımda kotan gəzir. Zəhmət, alın təri, düzlük, dürüstlük, yalan və riyakarlıqdan uzaq səmimiyyət, hər kəsin xeyir-şərində başda olmaq sanki o dövr insanlarının boyuna biçilmişdi. Nənəm həm də iman adamı idi: Biz uşaq ağlı ilə təsbehini, möhürünü gizlədib “mane” olmağa çalışsaq da, namazını həmişə vaxtında qılar, çiy kərpicdən tikilmiş çox kiçik, amma içi hüzur və sevgi dolu miskin komasında Tanrı, Allah kəliməsi dilindən düşməzdi. Bir də tez-tez içdiyi andı vardı: “Əshabi-Kəhf” haqqı”.

Həddi-hüdudu olmayan sevinc

Nənəm həmşə qibtə etdiyim yaddaşını tez-tez varaqlar, ildə bir neçə dəfə atla, ulaqla Əshabi-Kəhfə getdiklərini, isti, şaxta-sazaq demədən mənəvi ucalığın işığına toplaşdıqlarını, qurbanlar kəsdiklərini xatırlayardı. Beləcə, bizim ağ, pambıq kimi tərtəmiz uşaq yaddaşımıza bir iz də düşərdi: Əshabi-Kəhf izi.

Elə ki, qoyun-keçilərimiz əkiz bala verdi, o zaman sevincimiz yerə-göyə sığmazdı, atlanıb-düşməkdən yorulmazdıq. Əmin idik ki, ata-anamız əkizlərdən erkək olanını Əshabi-Kəhfə qurban deyəcəklər: “Balalarımızın canı sağ olsun, böyüyüb instituta girsinlər, gələn il bu ocağa yenə də qurban deyək”.

Beləcə, biz adı müqəddəs kitabımız "Qurani-Kərim"də də çəkilən bu müqəddəs ocağa hər il gedər,saflaşar, durulaşar, çiçək kimi tər-təmiz olub geri qayıdardıq.

Yaddaşımın künc-bucağına ilişib qalan təkcə bunlar deyil. Narahat və kələ-kötür,  yalnız “UAZ” və “Qaz-53”lərin hərəkət edə bildiyi yollar həm də çox yoxsul və kasad görünərdi. Bir dənə də olsun ağacın bitmədiyi və ya əkilmədiyi yol kənarları insanın ürəyini sıxardı. Yaxşı xatırlayıram, ziyarətgaha çatar-çatmaz üfunət adamı bürüyərdi. Qurbanlıqlar harada gəldi kəsilər, dırnağı, başı, qarın-qartası, dərisi ətrafa dağıdılardı. Dağların münasib oyuqlarında, yol kənarlarında hərə bir “manqal” düzəldər və beləcə müqəddəs məkan ziyarətgah anlayışından çıxıb “piknik mərkəzi”ni və yaxud “kababxana”nı xatırladardı. Xalq şairi Məmməd Araz “Naxçıvan albomu”nda yazırdı ki, “Naxçıvanda az qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində zarafatla dedi: “Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır”. Bəli, həmin çayxana və kababxana psixologiyası Əshabi-Kəhfə də ayaq açmışdı. Dinimizdə qurban kəsib paylamağın fəziləti imkansızı, fəqir-füqəranı sevindirmək, onlarla mənəvi bütövləşmə olsa da, təəssüf ki, seyr edilən mənzərə heç də bunu əks etdirmirdi...

Xatırlamaq istəmədiklərimiz

Həmin vaxt başına 1 manatlıq börk qoyub mücöyürlük edənlərin də  sayı-hesabı olmazdı. Həmin mücöyürlər bildi-bilmədi Quranı necə gəldi oxuyar, insanların saflığından və ürəkaçıqlığından istifadə edib ciblərini doldurardılar. Gənclər də dərələrdə bitən dağdağan ağaclarını təsbeh düzəltmək üçün qol-budaq edərək axırına çıxardılar. “Damcılı mağara”ya, “Qara daş”ın olduğu məcsidə, “Cənnət bağı”na, “Yeddi kimsənə”yə qalxmaq da müşkül məsələ idi. Sərt və sürüşkən qayalıqlarla yuxarıya çıxmağı hamı bacarmaz, baxımsızlıq və natəmzilik baş alıb gedərdi. Nə yol-iz düzəmməli idi, nə də təmizlik və səliqə-sahman. Çünki insanlar Əshabi-Kəhf sevgi və ucalığına nə qədər dərindən bağlı idilərsə, "gözünə döndüyüm" sovetin ideoloji  maşını da bir o qədər belə müqəddəs ocaqların kütləvi ziyarətindən narahat idi. Ona görə də belə məkanlar tamamilə diqqətdən kənarda qalırdı. Qısası, Dağ Yunisin Tanrıya iman gətirənlərə çəkdiyi dağı, sovet ideologiyası Əshabi-Kəhfə də çəkməyə çalışırdı.

Tanrı ulduzlardan daha ucada dayanır

Gərgin iş qrafiki, şəhərin səs-küyü, insanların tez-tez qarşılaşdığımız soyuq və etinasız baxışları, yersiz və əsassız söz-söhbətlər bəzən  adamı  hədsiz yorur, mənəvi boşluğa yuvarlayır. Belə məqamlarda həmişə düşünmüşəm ki, Tanrı insan və onlar üçün əlçatmaz olan ulduzlardan belə daha ucada dayanır. Ona görə də Tanrıya yaxın olmaq, o auranı yaşamaq üçün Əshabi-Kəhfi ən ideal məkan bilmişəm. İndi də yaradana daha yaxın olmaq istəyəndə bu müqəddəs yerə gedirəm. Həm də axşamtərəfi - saat 6-dan sonra. Bu məkanda həmin vaxt o qədər hüzur və psixoloji rahatçılıq olur ki, onu sözlə ifadə etmək olduqca çətindir.

Bu dəfə də belə oldu. Müqəddəs Ramazan bayramı günü özümdən 29 yaş kiçik -4 yaşlı dostum Oğuzayı da götürüb Əshabi-Kəhf Dini-Mədəni Abidə Kompleksinə üz tutdum. Bəli, məhz abidə kompleksinə... Əvvəllər olduğu kimi, indi bu abidə kompleksində bizi heç bir ürəkarğıdıcı mənzərə gözləmir: Nə kabab qoxusu və kababçı psixologiyası, nə natəmizlik, nə də bu müqəddəs məkana qarşı etinasızlıq və ya ideoloji biganəlik...

Naxçıvan-Culfa magistralından ziyarətgaha çəkilən müasir asfalt yol iməciliklər zamanı salınan meyvə ağaclarının əhatəsindədir. Ziyarətgahda ayrıca qurbangah tikilib, istirahət köşkləri, hədiyyələr mağazası yaradılıb, içməli və suvarma su xətləri çəkilib, rahat pillələr salınıb, məscid bərpa olunub, dağ döşlərinə cəviz, üzüm və bəzək tingləri əkilərək qayalıqlarda belə “gül” bitirilib. Üfünət iyi verən, tikandan, qanqaldan keçmək mümkün olmayan boz Əshabi-Kəhf dərələri indi bağ-bağat, yaşıllıq, gülkarlıqdır. Ta əvvəlki kimi ziyarətgahda adamı cibgir mollalar, fəndbaz qəssablar deyil, əsl mənəvi ucalıq, kamillik, saflıq qarşılayır.

İlk dəfə 1998-ci ildə ulu öndər Heydər Əliyevin himayəsi və qayğısı ilə bərpa edilən bu ziyarətgahda sonrakı illərdə də iki dəfə təmir-bərpa işləri aparılıb.Texnikanın gücündən istifadə edilmədən əllə daşınan tikinti materialları hesabına hər tərəf səliqə-sahmana, təmizliyə qərq olub. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin bu ziyarətgahın bərpası, qorunması və fəaliyyətinə xüsusi diqqət yetirməsi bu məkanı dini və tarixi-mədəni turizm mərkəzinə çevirib. Bu gün Əshabi-Kəhf yerləşdiyi Naxçıvan torpağının müqəddəsliyini yaşadan, onun tarixindən, mənəviyyatından, dəyərlərindən, hələ min illər əvvəl bu torpaqda məskən salan, yurd-yuva quran əcdadlarımızın inancından soraq verən abidə kimi qorunub saxlanılır. Çünki bu məkan həm də ibtidai insanların ilkin yaşayış yeri, dünya əhəmiyyətli Poleolit dövrü abidəsi, svilizasiyanın beşiyi olan ulu Naxçıvanın incisidir. Ona görə də indi Əshabi-Kəhfə ölkəmizdən və xaricdən hər gün minlərlə turist üz tutur...

"(Ya Məhəmməd!) Yoxsa Əshabi-Kəhf və Raqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” – demişdilər.

Budur, Dağ Yunis adlı Allahını tanımayan əzazil hökmdarın zülmündən qaçan yeddi gəncin-Mağara adamlarının qeybə çəkildiyi, ölümsüzlüyə qovuşduqları müqəddəs “Yeddikimsənə” mağarası. Hansı ki, bu yerdə təkallahlığın ilkin rüşeymləri cücərib.

Diqqətimi Tanrıya əl açıb dua edən iki qadın çəkir: “Tanrım, sənin qarşında baş əyirik, öz nəzərini üstümüzdən əskik etmə. Bütün insanlara Əshabi-Kəhf ucalığı ver. Bu ziyarətgahın tikilib-qurulmasında zəhməti olanları həmişə pənahında saxla”!

Bir az aralıda qızının qoluna girib zorla yeriyən yaşlı qadın görürəm. Məscidi ziyarətdən qayıdır. Ömrün kələ-kötür yolları belini əməlli-başlı büküb. Tez-tez təkrar edir:

"Mən indiki ömrümü artıqdan yaşayıram. Allah bu ömrü mənə pay verib. Nə qədər nəfəsim gedib-gəlir sürünə-sürünə də olsa buranı ziyarətə gələcəm!"

Səmimi dualar, insanların üzlərindəki dərin inanc qarışıq ifadələr yaradanın heç də uzaqda olmadığını pıçıldayır sanki.  İnsanın ruhunda, qəlbində kök salan ilahi ucalıq,  həm də onun xeyirxah əməllərindədir,-deyir. Əshabi-Kəhfi ziyarət etdikcə, bir daha dərk edirsən ki, xeyirxah və savab iş görənlər Tanrı dərgahında həmişə ucada dayanır. Tikən, qurub-yaradan insanlar  özlərinə həm də ikinci ömür qazanırlar.

Müstəqilliyimiz bizi daha böyük mənəvi ucalığa yüksəltdi

“Damcılı mağara”nı, “Cənnət bağı”nı da ziyarət edirik. Ziyarət bitir, amma Oğuzayın sualları bitmir. Ən sonda soruşur:

-Bu dağlar  niyə belə yekədir, onları kim tikib?

Cavabı çox uzatmadan verirəm:

-Səni YARADAN bu dağları, qayaları da yaradıb. Həmişə öz yaradanına sığınasan!

Həmin an öz uşaqlığımı, ilk dəfə atamın əlindən tutub bu ziyarətgaha gəldiyimiz günü bir daha xatırlayıram. Və həmin vaxt özümün verdiyim sualı da:

-Ata, burada hər yerdə kabab bişirirlər, bura kababxanadır?!

Cavab yenə lakonik idi:

-Yox bala, ziyarətgahdır, ocaqdır...

30 il əvvəlki xatirələri bir kənara qoyub Tanrıya şükr edirəm. Ona görə ki, müstəqilliyimiz bizə təkcə azad yaşamağı, torpağımızın, milli sərvətlərimizin, milli-mənəvi dəyərlərimizin sahibi olmağı bəxş etmədi. Həm də daha böyük mənəvi ucalığa yüksəltdi. İndi uşaqlarımız bizə müqəddəs ziyarətgahların niyə “kababxana”, “kolxoz anbarı” olması ilə bağlı suallar vermirlər. Özümüzün, sözümüzün sahibi olduğumuz kimi, elə mənəvi dəyərlərimizin və ruhi ucalığımızın da sahibi və keşikçiləriyik.

Son söz əvəzi

Buyurun, özünüzü mənəvi boşluqda hiss etdikdə sizdən 15-20 dəqiqə, bəlkə də 1 saatlıq məsafədə olan Əshabi-Kəhfə üz tutun. Dünyaya və həyata Əshabi-Kəhf ucalıq və müqəddəsliyindən baxmaq, məncə insanın mənəvi intibahıdır. Yolunuz açıq olsun!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: