İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən ölkəmizə yeni 65 ədəd təcili tibbi yardım avtomobili gətirilib. Ambulanslar tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, əlçatanlığının və operativliyinin təmin olunması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki bunu jurnalistlərə müsahibəsində agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
A.Əhmədova bildirib ki, yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla - defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma və s. ilə təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir: “Avtomobillər bir sıra özəlliklərə malikdir. Belə ki, Mercedes-Benz markalı təcili tibbi yardım avtomobillərindən 37 ədədi sadə diferensiallı, 7 ədədi xüsusi ikidifferensiallı, 20 ədədi reanimobil və bir ədədi perinatal küvəzlidir. Ümumilikdə, İTSDA tərəfindən 2020-ci ildən bu günədək 249 ədəd təcili tibbi yardım avtomobili alınıb.