Noyabr ayında 83 istedadlı qadının 4007 manat dəyərində əl işi və ailə təsərrüfatı məhsulları satılıb
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, noyabr ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında muxtar respublikada həyata keçirilən sosialyönümlü layihələrdə sərmayə kapitalı alan 15 qadının 1227 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları, həmçinin 112 qadının 2626 əl işi olmaqla, ümumilikdə 127 qadının 3853 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənib. Üçgünlük festivalda 51 qadının 3249 manat dəyərində ailə təsərrüfatı məhsulları və əl işi satılıb.
“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin bağlanış konfransı ilə əlaqədar keçirilən tədbirdə layihə iştirakçılarından 41 qadının 1592 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənib, 29 qadının 712 manat dəyərində əl işi və ailə təsərrüfatı məhsulları satılıb. Ümumilikdə, hesabat dövründə 83 istedadlı qadının 4007 manat dəyərində əl işi və ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə ödənilib.
Ötən ay ərzində həmçinin xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi də diqqətdə saxlanılıb, 9-u şəhid övladı, 1-i sağlamlıq imkanları məhdud, 14-ü təkvalideynli, 32-si sosial qayğıya ehtiyacı olan, 4-ü çoxuşaqlı ailədən olmaqla, ümumilikdə, 60 uşağa qış geyimi verilib.