BMT-nin Baş katibi Antonio Qutterreş BMT Baş Assambleyanın tribunasından çıxış edərək okeanları və dənizləri plastikdən təmizləməyə, dənizlərin biomüxtəlifliyinin qorunub saxlanmasına dair müqavilənin hazırlanmasını sürətləndirməyə çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, Baş Assambleyanın növbəti iclası BMT-nin Dəniz Hüququna dair Konvensiyasının qəbul edilməsinin 40 illiyinə həsr olunub.
Baş katib deyib: “Okean həyatdır. Okean bütün tarix boyu bəşəriyyəti birləşdirir”.
BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilin dekabr ayında qəbul edilib. Bu sənəd dəniz məkanından istifadənin bütün beynəlxalq aspektlərini – dəniz sərhədlərinin delimitasiyası, ekoloji normalar müəyyən edilməsi, elmi araşdırmalar aparılması, ticarəti və beynəlxalq mübahisələrin həlli məsələlərini tənzimləyir. Konvensiya 1994-cü il noyabrın 16-da qüvvəyə minib.
BMT-nin Baş katibi Baş Assambleyanın iclasında deyib: “Bu gün biz BMT-nin Dəniz Hüququna dair Konvensiyanın qəbul olunmasının 40 illiyini qeyd etmək üçün toplaşmışıq. Bu Konvensiyanın və onunla bağlı sənədlərin bütün dünya ölkələri üçün fundamental əhəmiyyətini demək olar ki, hamı etiraf edir”.
Baş katib daha sonra xatırladıb: “Okean dəhşətli vəziyyətdədir. Bu gün dünya üzrə balıq ehtiyatlarının 35 faizi ifrat dərəcədə istismar edilir. Dənizin səviyyəsi yüksəlir. Okean oksidləşir və çirklənmədən məhv olmaq dərəcəsinə çatır”.
BMT rəhbəri balıq ovunu nizamlamağa okeanların plastik kütlə ilə çirklənməsinə son qiymağa və gələn il dənizlərin biomüxtəlifliyinin qorunub saxlanmasına dair yeni müqavilə bağlamağa çağırıb. Yeni müqavilə BMT-nin Dəniz Hüququna dair Konvensiyasının prinsiplərinə əsaslanacaq. Bu sənədə görə dövlətlərin ərazi dənizlərinin sərhədləri sahildən 12 mil məsafədən olmalı, sahildən 200 milə qədər məsafədəki ərazi müstəsna iqtisadi zonalar sayılmalıdır.
Baş Assamleyanın sədri Çaba Köröşi BMT-nin Dəniz Hüququna dair Konvensiyasını “Okeanların konstitusiyası” adlandırıb.