Gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq muxtar respublikamızda çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Eyni zamanda Naxçıvan şəhəri, Şahbuz, Sədərək rayonlarında təşkil edilən yolasalma tədbirində xidmətin əməkdaşları, valideynlər və çağırışçılar çıxış ediblər. Onlar son illər Əlahiddə Ümumqoşun Ordunun nailiyyətləri və Azərbaycan Ordusunun qüdrətindən danışıblar. Çağırışçılar belə bir orduda xidmət edəcəkləri ilə qürur duyduqlarını vurğulayıblar. Biz də hərbi xidmətə yola düşən gənclərimizə bu müqəddəs vəzifədə uğurlar arzulayırıq. Necə deyərlər, vətən sizə, siz vətənə əmanət.