Elm və texnologiya inkişaf etdikcə qəbul edilən informasiya yükü də çoxalır və həddindən artıq yüklənmə beynin inkişafına mənfi təsir göstərir. Mütəxəssislər də beyini lazımsız məlumatlarla doldurmağın əleyhinə çıxırlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, psixoloq Gülər Məmmədova deyib: “Müəyyən baş ağrıları, təzyiqin qalxması-enməsi və yaxud da bəzi insanlar əsəbiləşəndə yeməyə çox meyilli olması beyin funksiyasının düzgün idarə olunmaması ilə əlaqədardır. Çünki beyin dincəlmir və ona istirahət verilmir. Neyrobika ilə məşğul olunmadığına görə beyin dincəlmədiyindən öz funksiyasını itirir, çox vaxt sol və sağ yarımkürə arasında informasiya mübadiləsində qarışıqlıq yaranır”.
Bəzi elmi araşdırmalara görə, insan beyni 41 yaşadək inkişaf edərək irəliləyib ən mükəmməl həddə çatır və ondan sonra sabitləşməyə başlayır. Bununla yanaşı bir çox alimlər 30 yaşı olanların beyin sağlamlığını qorumaq üçün təzyiq göstəricilərinə diqqət yetirmək barədə xəbərdarlıq edirlər. 30 və 40 yaşlarındakı yüksək təzyiq immun zədələnmələrini sürətləndirir, 36-43 yaşlarda isə qan təzyiqindəki artımın beyinin kiçilməsi ilə əlaqəli olması nəticəsinə gəliblər.
Bütün yaş hədlərində beyini düzgün şəkildə inkişaf etdirmək barədə bəhs edən psixoloq deyib: “Həftədə bir dəfə gündəlik məşğuliyyətdən əlavə maraqlı bir işlə məşğul olmaq lazımdır. Peşə və bacarıqlarımızdan fərqli, neyrobikaya aid olan müxtəlif hərəkətlər kompleksi var. Məsələn, gün ərzində - işin sonunda, tək olanda və ya hansısa boş vaxtda əllərlə edilən hərəkətlər, yaxud baş nahiyəsinə toxunuşlar mütləq olunmalıdır. İnsan öz beyninin gigiyenası və sağlamlığı ilə düzgün məşğul olsa, bu gün bir çoxlarını narahat edən və aktuallığı ilə seçilən Alsheymer xəstəliyi aradan qalxa bilər”.
Beyin gimnastikası üçün əvəzolunmaz məşqlərdən biri də səyahətdir, çünki səyahət zehni stimullaşdırır və yeni məşğuliyyətlər, fəaliyyət sahələri ilə tanış oluruq, eyni zamanda, biliklərimiz də inkişaf edir.
Fiziki aktivlik beynin gimnastikası üçün vacib şərtlərdən biridir, çünki hərəkət etdikdə beyində əlavə hüceyrələr əmələ gəlir və beyin böyüyür. Açıq havada idman isə D vitamini ilə təmin edir, bu isə beyinin inkişafında əvəzsiz rol oynayır. İti zehin və güclü diqqət üçün beynin inkişafı vacibdir. Bunun da ən faydalı üsulu beyin gimnastikasıdır.