Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması müqavilə ilə həyata keçiriləcək

A- A A+

Milli Məclisdə “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi Parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb.

Sənəddə qoşulmanın normativ tənzimlənməsinin təmin edilməsi, qoşulma şərtləri müəyyən edilərkən istehlakçının kateqoriyasının, aldığı enerjinin həcminin və tikinti obyektinin statusunun nəzərə alınması, habelə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və əlavə güc alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsinə dair metodologiyanın müəyyən edilməsi üçün hüquqi əsasın yaradılması məsələləri öz əksini tapıb.

Layihədə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı yeni maddə əlavə olunur. Əlavəyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji alması qoşulma müqaviləsi əsasında həyata keçirilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə qoşulma xidmətinə görə ödəniş edir. Habelə, qeyd olunur ki, qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə qoşulur.

Sənəddə “elektroenergetika obyektləri”, “qoşulma nöqtəsi”, “qoşulma xidmətinə görə ödəniş”, “qoşulma müqaviləsi”, “ötürücü şəbəkə”, “enerji təchizatı şəbəkəsi (paylayıcı şəbəkə)” və bir sıra digər yeni anlayışlar və onların izahları verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: