“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin 5 dekabr 1999-cu ildə - istirahət günündə iş başında olan Heydər Əliyevdən aldığı müsahibə həmin jurnalın 1999-cu ilin (7.4) sayında ingilis dilində oxuculara təqdim edilib. NUHÇIXAN aktuallığını nəzərə alaraq ilk dəfə ingiliscədən Azərbaycan dilinə tərcümə edilən müsahibəni izləyicilərinə təqdim edir.
Betti Bleyer - Mən sizdən əksər jurnalistlərin ən son siyasi və regional hadisələr haqqında soruşduğu ənənəvi sualları deyil, daha çox şəxsi həyatınız, tərbiyəniz, bu əsrin yarısından çoxuna rəhbərlik etdiyiniz xalqınız haqqında soruşmaq istərdim.
Heydər Əliyev - Buyurun, başlayaq.
Betti Bleyer - Gəlin, uşaqlıqda sizin həyatınızı və karyeranızı formalaşdıran bəzi maraqlarınızdan, həyat təcrübələrinizdən başlayaq.
Heydər Əliyev - Mən uşaq olanda nə vaxtsa böyük bir lider olmaq haqqında fikirləşmirdim. Düşünmürdüm ki, siyasətlə məşğul olacam və bir dövlət xadiminə çevriləcəm. Mən hətta gələcək haqqında fikirləşmirdim. Əsasən məktəbdə oxuyanda bəzi əsas biliklərə yiyələnməyə və əla qiymətlər almağa var gücümlə çalışırdım. Təhsilimə gəlincə isə, deyə bilərəm ki, məni tamamilə intizama öyrətdilər.
Atama və anama gəldikdə, onlar mənim həyatıma hərtərəfli təsir etdilər. Anam yeddi övladı tərbiyə etdi. Atam lokomotiv sürücüsü kimi dəmir yolunda işləyirdi. Ancaq onlar çox gözəl insani keyfiyyətlərə malik idilər. Doğrudur, bizim həyat şəraitimiz çox çətin idi, ancaq mən xatırlaya bilmirəm ki, biz xoşbəxt deyildik. Fikirləşirdik ki, bizim vəziyyətimiz və şəraitimiz Tanrı tərəfindən bizə verilib və biz bu şəraitimizi olduğu kimi qəbul edirdik.
Sovet dövründə biz – uşaqlar bacardığımız müxtəlif fəaliyyətlərlə məşğul olmaq üçün Pionerlər Evinə gedərdik. Mən orada çox fəal idim. Şahmat oynamağa və musiqi dərslərində iştirak etməyə başladım. Atam kasıb idi, mənə tar [ənənəvi simli alət] almağa imkanı olmadı, ona görə də Pionerlər Evinə getdim və orada məşq etdim.
Lakin mənim ən böyük marağım teatra idi. Baxmayaraq ki, böyüdüyüm Naxçıvan - kiçik bir müsəlman şəhəri, əyalət idi, ancaq orada çox yüksək səviyyəli mədəniyyət var idi. Bizim teatr ənənəmizin yüz ildən artıq yaşı var. Siz təsəvvür edə bilərsinizmi ki, çox keçmişdə orada teatr ənənəsi vardı? Bu tamamilə böyük bir nailiyyət idi. Məsələn, Naxçıvanın cənubundan təxminən üç saatlıq məsafədə olan, əsasən azərbaycanlıların məskunlaşdığı böyük İran şəhəri Təbrizin bu günə kimi hələ də bir teatrı yoxdur. İndiyə kimi, Naxçıvan bu ənənəni davam etdirir. Başqa sözlə desək, baxmayaraq ki, orada sizin ziyalı adlandırdığınız cəmi bir neçə adam var idi, onlar teatrı yaratmışdılar. Mən 12 və 13 yaşımda teatra çox gedərdim.
Bəzən teatra bilet almağa pulum olmurdu, lakin uşaq olduğum üçün biletsiz teatra daxil olmağıma icazə verirdilər. Bu mənim üçün böyük bir hadisə idi. Belə hadisələr uşaqlıq dövrümün ən əziz xatirələrindəndir. Naxçıvan teatrının mənim üzərimdə dərin təsiri vardı. Çox keçmədi, mən Pionerlər Evində teatrla məşğul olmağa başladım. Bizim klubumuzun rəhbəri Naxçıvan teatrının aparıcı aktyorlarından biri idi.
Bir müddət sonra, mənə bir neçə əsas rollar tapşırıldı. Məsələn, Azərbaycan teatrının banisi Mirzə Fətəli Axundzadə ölkəmizdə ilk dram əsərini yazmışdı. Onun “Sərgüzəşti vəziri-xani-Lənkəran” əsəri var. Bu yaxınlarda haradasa qəzetlərdən oxudum ki, bu əsər yenə də teatrda səhnəyə qoyulur, lakin biz onu səhnələşdirəndə mən baş rolu sona qədər oynadım. Əlbəttə, biz bütövlükdə əsəri tam şəkildə oynaya bilməzdik – yalnız iki və ya üç hissəni oynadıq. Mənim onda 14 yaxud 15 yaşım olardı. Sonra biz iki pərdədə “Hamlet”i səhnəyə qoyduq. Mən “Hamlet”i oynadım.
Betti Bleyer - Yəqin ki, Azərbaycanca?
Heydər Əliyev - Bəli, “Hamlet” əsəri Azərbaycan dilinə tərcümə edilmişdi. Mən ingiliscə danışmırdım. Naxçıvanda o dövürdə heç kim ingilis dilini bilmirdi. Mən həmçinin çox yaxşı rəsm çəkməyi bacarırdım və rəsm çəkməyə başladım. Eskizlərim orta məktəbdə təşkil olunan müsabiqələrdə həmişə birinci yeri tutardı. Ola bilsin ki, bizim ailəmizdə bir növ istedad var idi, çünki məndən böyük qardaşım rəssam oldu. Mən orta məktəbdə oxuyanda, o, Leninqrada [Sankt-Peterburq] İncəsənət İnstitutunda təhsil almağa getdi. O, tətillərdə evə gələndə təbiət mənzələrinin rəsmini çəkərdi. Mən də ondan əl çəkməzdim və beləcə rəsmlər çəkməyə başladım. Gördüm ki, rəsm çəkməyi də olduqca yaxşı bacarıram. Beləliklə, orta məktəbi bitirənə kimi mən rəssam olmağı düşünürdüm. Ancaq o vaxt Azərbaycanda İncəsənət İnstitutu yox idi, beləliklə, gələcəkdə təsil almaq və təcrübə qazanmaq üçün mənim başqa yolum olmadı. On altı yaşımda Naxçıvanı tərk etdim və Bakıya gəldim.
Betti Bleyer - O zaman belə bir addım atmaq qeyri-adi hal idi?
Heydər Əliyev - Əlbəttə. Hər şeydən əvvəl, ona görə ki, Bakı ilə Naxçıvan arasındakı məsafə də çox uzaq idi. Üç gün qatarla yol getməli idin, çünki Naxçıvanla Bakı arasında birbaşa hərəkət edən qatar yox idi. İrəvana getməliydin, oradan Tbilisiyə və sonra qatarları dəyişib Bakıya getməli olurdun. Mən çox vaxt tətillərdə dəmiryol stansiyalarında yatmışam.
Betti Bleyer - Kim bu həyat hekayəsinə inana bilər?
Heydər Əliyev - Bəli. Bu, həqiqətdir. Sonra mən Bakıya gəldim və universitetdə memarlıq ixtisasında təhsil aldım.
Betti Bleyer - Siz Bakıya tək gəldiniz? Ailəniz sizi müşayiət etdi?
Heydər Əliyev - Tək özüm. Mən tətillərdə Naxçıvana qayıdardım. Mən həmişə müstəqil olmuşam.
Betti Bleyer - Niyə siz Naxçıvanı tərk edib Bakıya gəldiniz?
Heydər Əliyev - Çünki Naxçıvanın universiteti yox idi və mən təhsilimi davam etdirmək istəyirdim, qardaşım o zaman Bakıda yaşayırdı. O, alim oldu və Milli Elmlər Akademiyasında işləyirdi. Mən memarlıqla maraqlanırdım və arxitekturanı çox sevirdim. Mən memar olmaq üçün təhsil almağı planlaşdırmışdım. Başqa bir məsələni mütləq yada salmalıyam. Biz Naxçıvanda Azərbaycan dilində təhsil almışdıq, lakin Bakıda universitetdə memarlıq ancaq rus dilində öyrədilirdi. O vaxt professorların hamısı Rusiyadan gəlmişdi. Mən rusca çox pis danışırdım. Bu mənim üçün çox ciddi bir problem idi və qəbul olunmayacağıma görə, çox narahat idim. Ancaq böyük qardaşım təkid etdi ki, tədricən rus dilini daha yaxşı öyrənməliyəm. O vaxtlar Bakıdan kənarda rus dilində danışan çox az azərbaycanlı var idi.
Mən rus dilini tam öyrənməyə müvəffəq oldum və universitetin memarlıq fakültəsinə daxil oldum. Yataqxanada tək özüm yaşayırdım. Mənim çoxlu maddi ehtiyaclarım var idi, ona görə ki, ailəmiz çox böyük olduğundan atamın mənə pul göndərməyə imkanı yox idi. Tələbə təqaüdü almağıma baxmayaraq, bu mənim yaşayış xərclərimi ödəmək üçün kifayət qədər deyildi.
Qardaşım mənə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda başqa bir iş tapmağa kömək etdi. Mən yeni işimə axşamlar gedərdim və xəritələrin surətlərini çıxarıb gecə yarısına qədər işləyərdim. Bu daha asan iş idi və mənə bir az pul qazanmaq imkanını verirdi. Belə, mən bu cür yaşayırdım.
Yenidən mən universitetdə dramla məşğul oldum. Birinci kursdan sonra, mənə yenə də bir neçə baş rollar oynamağı tapşırdılar. Teatr mənə böyük təsir etdi. Bu rolları oynamaq mənə əsərlərin daha dərin mənasını başa düşməyə kömək etdi. Bu günə kimi hələ də mən teatrı çox sevirəm.
Sonra 1941-ci ildə müharibə başladı və bu təhsilimin sonu oldu. Mən üçüncü kursda idim, lakin orduya çağrıldım və Milli Təhlükəsizlik Nazirliyinə göndərildim. Təxminən, bir il ərzində leytenant rütbəsi aldım, lakin ürəyim memarlıq üçün darıxırdı. Müharibədən sonra ordunu tərk etmək və memarlığı davam etdirmək istədim, ancaq onlar geriyə qayıtmağıma icazə vermədilər.
Betti Bleyer - Beləliklə, siz universiteti bitirmədiniz?
Heydər Əliyev - Xeyr, bitirmədim. Mən yalnız təxminən üç il təhsil aldım. Sonra təhlükəsizlik sistemində işlədim. Yenə də müvəffəqiyyət ilə. Mən təhlükəsizlik sistemində qalaraq orada 25 il çalışdım
Betti Bleyer - Burada, Azərbaycanda?
Heydər Əliyev - Burada, həmçinin başqa ölkələrdə. Mən çox uğur qazandım və nəticədə mənə general rütbəsi verildi. Həmçinin o sistemdə mən çox yüksək qiymətləndirildim, çünki siyasi bilik çox vacib idi.
Sonra 1969-cu ildə Azərbaycana rəhbər seçildim. Ancaq sizin ilkin sualınıza qayıdaq, başqa sözlə desək, mən gəncliyimdə hərbi və təhlükəsizlik, siyasi partiyalar və dövlət işiylə məşğul olmaq niyyətində olmamışdım. Mən, sadəcə rəssam və ya memar olmaq istəmişdim. Lakin həyat məni fərqli bir yola apardı. Məlum oldu ki, mənim həmçinin digər sahələrdə də istedadım vardı, ancaq mən bu işlərə başlamamışdan əvvəl bunu bilmirdim.
Betti Bleyer - Məhz buna görə də siz hələ də incəsənətə belə həssassınız.
Heydər Əliyev - Bəli. İncəsənət mənə çox əzizdir.
Betti Bleyer - Musiqi, memarlıq və incəsənət.
Heydər Əliyev - Bəli. Mən incəsənəti çox sevirəm. Sonra mən 14 il Azərbaycanın rəhbəri oldum. Bu təsadüfən baş vermədi, belə təcrübədən sonra Moskvaya Kremldə işləməyə təyin edildim. Əlavə edə bilərəm ki, böyük Sovet imperiyası tarixində yeganə hadisə idi ki, bir azərbaycanlı – bir müsəlman Siyasi büroya vəzifəyə təyin olunmuşdu.
Betti Bleyer - Siz çoxlu qərəz və ayrı-seçkiliklə rastlaşdınızmı?
Heydər Əliyev - Bəli, əlbəttə, çünki mənim kimi bir şəxsin Moskvada yüksək vəzifədə olması qeyri-adi bir hal idi. Bu bir həqiqətdir ki, Moskvada Siyasi Büroda, həmçinin şovinistlər də var idi. Onlar qısqanc idilər, çünki düşünürdülər ki, ancaq ruslar yüksək vəzifələrdə olmalıdı. Xatırlayıram ki, Amerika jurnallarından birində - “Taym maqazin”də [Time Magazine] bir vaxt 1983 yaxud 1984-cü illərdə mənim haqqımda bir məqalə dərc olundu. Məqalədə yazılmışdı ki, Heydər Əliyev Andrapovun ölümündən sonra Sovet İttifaqına başçılıq etmək üçün ən səriştəli və layiqli şəxsdir. Ancaq məqalədə qeyd olunmuşdu ki, müsəlman olduğuma görə, mənə heç vaxt Sovet ittifaqına rəhbərlik etməyə icazə verilməyəcək.
Yenidən Andrapovun və sonrakı Çerenkonun ölümündən sonra, deməli Qərb mətbuatında mənim Sovet İttifaqına rəhbərlik etmək üçün çox qiymətli və layiqli namizəd olduğumla bağlı yazılar - bəzi məqalələr dərc olundu. Həmin məqalələr, hətta mənə qarşı olan qısqanclığı daha da alovlandırdı, elə gücləndirdi ki, 1987-ci ildə Siyasi bürodan istefa vermək məcburiyyətində qaldım.
Mənin xatırlayacağım daha bir jurnal məqaləsi vardı. Bu Amerikanın jurnalı idi. Jurnalda yazılmışdı, (Mən həmin sitatı rus dilində təkrar edəcəm). “Siyasi büronun yuxulu üzvləri arasında Heydər Əliyev Hollivud ulduzuna bənzəyir”. Bax budur, necə oldu ki, mən siyasətlə məşğul olmağa başladım.
Müəyyən etmək çox çətindir ki, uşaqlıqda xüsusi nəsə baş verdi və bu məni siyasətçi olmağa məcbur etdi. Ən əsası bu idi ki, mən çox gərgin çalışırdım. Görürsünüz, siz mənimlə bu gün-bazar günündə görüşürsünüz. Heç kim nə Amerikada, nə də Moskvada bazar günləri işləmir. Ancaq burada, mənim iş yerimdə mən özümü və ətrafımda mənimlə işləyən bütün bu insanları bazar günü işləməyə məcbur edirəm.
Betti Bleyer - İcazə verin, sizdən Sovet İttifaqının süqutu haqqında soruşum. Mənə çox maraqlıdır ki, siz bunun baş verməsini gözləyirdinizmi?
Heydər Əliyev - Düzünü desəm, bu sualı bundan əvvəl də dəfələrlə məndən soruşublar. 1987-1988-ci illər ərzində mən artıq hiss etdim ki, Sovet ittifaqı dağılmağa doğru gedir. Mən 1987-ci ildə istefa verəndən sonra, üç il (1988-90) Moskvada evdə oldum və işləmədim. Real yanaşsaq, az miqdarda təqaüdümlə yaşadım. Övladlarım daha gənc idi, nəvələrim isə çox kiçik idi. Bu həmin vaxt idi ki, mənim hadisələri daha diqqətlə izləmək imkanım oldu. Əmin oldum ki, Sovet İttifaqı süqut ərəfəsindədi. Lakin sizə həqiqəti deyim ki, heç vaxt təsəvvür etməzdim ki, Sovet İttifaqı belə tez süqut edəcək – İttifaq həqiqətən gecəyarısı dağıldı.
Məncə, mənim həyatım iki hissəyə bölünüb. Birinci mərhələyə 1990-cı ilə qədərki fəaliyyətim daxildir. Mən bu haqda artıq qısaca danışdım – necə təhsil aldım, işə başladım və nəticədə Siyasi büroda yüksək bir vəzifəyə irəli çəkildim. İkinci mərhələyə isə 1990-cı ilin [Qanlı Yanvar] hadisələri ilə başlayan, on il ərzində baş vermiş hadisələr aiddir.
Qorboçovun və Siyasi büronun himayədarlığı ilə Sovet İttifaqında törədilən 1990-cı ilin Qanlı Yanvar faciəsi zamanı, xüsusilə mənim ölkəmə və xalqıma qarşı olan təcavüz məni lap çox məyus etdi. Məhz ona görə, mən Kommunist Partiyasından istefa verdim. Baxmayaraq ki, daha sonra bu adi hala çevrildi, o zaman belə bir addım atmaq çox qeyri - adi hadisə idi
Betti Bleyer - Xüsusilə belə yüksək səviyyədə.
Heydər Əliyev - Əlbəttə. Xəbər bütün dünyaya yayıldı.
Betti Bleyer - Beləliklə, siz Kommunist partiyası ilə əlaqələrinizi o səviyyədə kəsən ilk şəxs idiniz?
Heydər Əliyev - Bəli, hətta onlar məni təqib etməyə başladılar. 21 yanvarda, o vəhşiliklər başlayandan sonra, mən Moskvada Azərbaycana qarşı törədilmiş təcavüzü pisləyən, ittiham edən bir çıxış etdim. Mən Bakıya qarşı törədilmiş bu hərbi təcavüzü – Sovet höküməti və Kommunist Partiyası tərəfindən öz əhalisinə qarşı hərbi təcavüz hesab etdim. Mənim Kommunist Partiyasından istefa verməyimin səbəbinə dair bəyanatım qəzetlərdə dərc olundu. O hadisələr məni, o vaxta qədər - bütün həyatım boyu xidmət etdiyim Kommunist partiyasına qarşı etiraz etməyə məcbur etdi.
Məsələn, 1990-cı ildən sonra mənim həyatım öz axarı ilə getmədi. Mən çoxlu çətinliklərlə üzləşdim. Dəfələrlə onlar məni devirməyə və həyatıma sui-qəsd etməyə cəhd etdilər. Ancaq Tanrı məni xilas etdi. Məsələn, mənim Qanlı Yanvar haqqındakı bəyanatımdan sonra, onlar Moskvada məni həbs etməyə cəhd etdilər. Mən 1990-cı ilin yayında Moskvadan Azərbaycana böyük çətinliklə gəlməyi bacardım.
Betti Bleyer - Siz mənə daha çox detalları deyə bilərsinizmi?
Heydər Əliyev - Çətinlik belə idi ki, mən ev dustağı idim və bütün telefonlarım dinlənilirdi, 1990- cı ildən sonra, mənim hər anım izlənilirdi. Bir neçə dəfə mən Bakıdakı qardaşıma oraya qayıtmaq istədiyimi demək üçün zəng etdim. Tanışlarımdan birini təyyarə bileti almaq üçün göndərdim, ancaq hardansa hakimiyyət orqanları bunu bildi. Liqaçov [Mərkəzi Komitənin katibi Yeqor Liqaçovu nəzərdə tutur - S.A.] mənə zəng etdi. Həmin vaxt o, Kommunist partiyasında ikinci səlahiyyətli şəxs idi. Siyasi büronun bir neçə başqa üzvü də mənə zəng etdilər və onlar mənim Azərbaycana getməyimə mane olmağa çalışırdılar. Mən onlardan soruşdum ki, niyə onlar mənə deyirlər ki, Azərbaycana qayıtmağım oradakı stabilliyi poza bilər. Mən dedim ki, mən onların mühakimələrini başa düşə bilmədim. Bununla yanaşı, onlar iki dəfə mənim qayıtmağıma mane oldular
Və onda, həm Moskvadakı, həm də Bakıdakı rəhbər şəxslər mənim geri qayıtmağımı istəmirdilər. 1990-cı ilin mayında, bir gün, nəhayət mən geri qayıtmağa qərar verdim. Mən Moskvanı tərk etməmişdən bir gün əvvəl, onlar mənim yaxın tanışlarımdan birini- bir jurnalisti öldürdülər. Dostumun adı Xanbabayev [Əjdər Xanbabayevi nəzərdə tutur-S.A.] idi. Onlar onu öldürdülər, çünki o mənimlə birbaşa telefon əlaqəsi saxlamışdı və mən ona nə vaxt Bakıya qayıdacağımı demişdim. O, Bakıdakı ziyalıların yanına getdi və onları bir yerə topladı, beləliklə, onlar məni qarşılamaq üçün aeroporta gəlməli idilər. Həmin gecə, o, evə qayıdarkən, onun avtomobili saxlanıldı. Onun başına tapança ilə atəş açıldı və öldürüldü.
Azərbaycanda rəhbərliyə yaxın olan adamlar qardaşıma mənə bu məlumatı çatdırmağı dedi: "Əgər Heydər Əliyev bura gələrsə, o da öldürüləcək. Beləliklə, mən Bakıya uçuşumu təxirə salmağı qərara aldım. Mən vəziyyəti öyrəndim və başqa şəxsin adına bileti almağı bacardım. Mən gizli aeroporta aparıldım.
Mən təyyarəyə minəndə onlar mənim kim olduğumu başa düşdülər, O vaxt. mən tanınmamaq üçün üzümü gizlədirdim. Beləliklə, mən Bakıya bu cür gəldim. Ancaq burada da yaşamağa onlar mənə icazə vermirdilər. Mən Bakıda yalnız üç gün qaldım və sonra Naxçıvana uçdum. Orada mən üç il müddətində yaşadım. Mən 1993-cü ildə Bakıya qayıdana qədər Naxçıvanda yaşadım.
Betti Bleyer - O vaxt bütün həyatınızı verdiyiniz bu sistem sizə üz çevirəndə yəqin ki, özünüzü məyus hiss etmisiniz?
Heydər Əliyev - Çox məyus olmuşam. Mənim ürəyimdə hələ də böyük bir yara var. Buna görə də mənim bu sistemə qarşı böyük nifrətim yarandı. Bu sistem insanları səhv şeyləri, pis şeyləri etməyə məcbur etdi.
Mən Azərbaycanın başçısı kimi burada 14 il işləmişdim. Məndən sonra rəhbərlikdə olan bütün insanlar Bakıda olduğum dövürdə mənim işçilərim olmuşdu. Hətta onlar da mənim Azərbaycana qayıtmağımı istəmədilər. Mən Bakıya gələndə, onlara zəng etməyə cəhd etdim, baxmayaraq ki, mən dünyanın ən güclü dövlətlərindən birində yüksək vəzifələrdən birini tutmuş şəxs idim, ancaq heç kim mənimlə danışmaq istəmədi.
Mən həmin şəxs idim ki, Kommunist Partiyası binasını, indiki Prezident Aparatını inşa etdirmişdim. Buna görə deyirəm ki, siz jurnalınızda binanın böyük bir şəklini verin. Onlar məni bu binanın yaxınlığına buraxmadılar. Mənim indi əyləşdiyim bu otaqda başqa insanlar otururdu. Mən buranı tərk etdikdən sonra beş və ya altı şəxs bu vəzifədə əyləşdi. Məhz ona görə də, mənim ürəyimdə ağrılı çox hisslər vardı. Ancaq mən onları unutmağa cəhd etmişəm.
Burada sizin yadda saxlamalı olduğunuz iki məqam var. Onlardan biri hakimiyyət orqanlarının gücüdür və o biri isə xalqdır. Xalq mənə olan münasibətini heç vaxt dəyişməmişdi. Ancaq bürokratiyada, burada və Moskvada mənimlə uzun illər işləyən insanlar mənə münasibətlərini dəyişdilər. Siz Parlament binasını tanıyırsınız - o binanı da mən tikdirdim. Mən burada işləyəndə və parlamentdə sessiyada iştirak edəndə, binaya daxil olanda hamı məni qarşılamaq üçün ayağa qalxardı.
Mən Moskvadan Naxçıvana qayıdanda, Naxçıvandan Azərbaycanın Parlamentinə məni deputat seçdilər, parlamentin sıravi deputatı. Mənim hətta Bakıda mənzilim də yox idi. Mən qardaşımın kiçik ikiotaqlı mənzilində yaşayırdım. Və mən həmin eyni Parlament binasına insanların seçdiyi, etimad göstərdiyi parlamentin üzvü kimi daxil oldum. Onlar məni görəndə, üzlərini çevirərdilər. Bəziləri uzaq gedərdi. Mən iclas zalında əyləşməli idim və Mütəllibov isə prezident kimi orada yüksəkdə otururdu - mənim vaxtilə yüksəltdiyim insanların hamısı da onların arasında idi. Lakin onların heç biri məni alqışlamadı. Onlar mənimlə danışmadı. Bu hallar məni incitdi. Mən yerimdən danışmaq üçün icazə istədim, lakin onlar mənə icazə vermədilər.
1991-ci ilin fevral ayı idi, Sovet İttifaqının süqutundan əvvəl, ilin sonunda. Mən Parlamentdə söz istədim və onlar mənə söz vermək istəmədilər. Beləliklə, mən tribunaya qalxdım; onlar mənim tribunada danışmağıma mane ola bilmədilər.
Betti Bleyer - Onda siz hələ də Kommunist Partiyasının üzvü idiniz?
Heydər Əliyev - Xeyr, mən Moskvada olarkən Kommunist Partiyasından artıq istefa vermişdim. Mən çıxış etdim və dedim: "Azərbaycan müstəqil olmalıdır. Sovet İttifaqı dağılır və Kommunist Partiyası hakimiyyətdən getməlidir. Bu 10 fevral 1991-ci il idi. Lakin onlar çıxışımı davam etməyə icazə vermədilər. Zaldakı insanlar fit çalaraq “qaydaya riayət edin” sözlərini yeksənək olaraq təkrarlayırdı və onlar hüququmdan istifadə etməyə çoxlu maneəçilik yaratdılar. Bu haqda bir film var. Və iclas zalında əyləşən insanların 95 faizi o adamlar idi ki, onları mən irəli çəkmişdim. Ancaq mən Bakının küçələri ilə gedəndə, 100 metr gəzə bilərdim ki, görürdüm minlərlə insan mənim ardımca gəlməyə başlayırdı.
Məhz ona görə, mən deyirəm ki, xalq mənə münasibətini heç vaxt dəyişmir. Azərbaycan 1993-cü ildə yenidən ixtişaşla üzləşəndə insanlar ümidlərini və üzlərini yenidən mənə tutdu. Bizim problemlərimizi həll etmək üçün çiyinlərində hökumətin məsuliyyətini götürəcək başqa heç bir şəxs yox idi. Buna görə də onlar məni Naxçıvandan buraya-Bakıya gətirdilər..
Betti Bleyer - Bir halda ki, siz sosialist sistemində və indi kapitalist sistemində ən yüksək vəzifələrdən birini tutan dünyada nadir şəxslərdən biri olmusunuz. Hər iki sistemi necə qiymətləndirərdiniz? Və hər ikisinin bəzi nöqsanları hansılardır?
Heydər Əliyev - Siz bilirsiniz ki, bu çox mürəkkəb bir sualdır. Mən buna cavab vermək üçün ən azı yarım saat sərf etməliyəm. İcazə verin, deyim ki, sosialist sistemi insanlara çoxlu nailiyyət və müvəffəqiyyət gətirdi. Məsələn, 1920-ci illərdə Azərbaycanda ən azı insanların 90 faizi savadsız idi. Sovet sisteminin nəticəsində, insanlar nisbətən qısa vaxt ərzində təhsil almaq imkanına malik oldular. Bakı Dövlət Universitetinin 1919-cu ildə [Sovet hakimiyyətinin qurulmasından əvvəl] əsası qoyuldu, lakin Sovet dövründə daha çox universitetlər yaradıldı. Çoxlu məktəblər tikildi. Çoxlu xəstəxanalar tikildi. Çoxlu mədəni mərkəzlər tikildi. İqtisadi potensial Azərbaycanda inkişaf etdirildi - fabriklər, kanallar, yollar. Biz bu şeyləri unutmamalıyıq. Biz onları dana bilmərik. Doğrudur, bu sistem çoxlu qantökmənin nəticəsində yaradıldı. Kommunist Partiyası çoxlu repressiya və qırğın həyata keçirdi. Bununla bərabər cəmiyyət məhv olmadı.
Baxmayaraq ki, Sovet İttifaqı nəticədə 10 il əvvəl dağıldı, insanlar, xüsusilə elm, təhsil, mədəniyyət və səhiyyə sahələrindən yararlandı. Beləliklə, o sistemin çoxlu müsbət cəhətləri var idi. Ancaq sonda, sosialist sistemi kapitalizm ilə rəqabət apara bilmədi. İkincisi, Sosialist dövləti diktaturaya əsaslanırdı. O yaşaya bilmədi. Əlbəttə, insanlar yaxşı yaşayardı, ancaq onların qətiyyən heç bir azadlıqları yox idi.
Təsəvvür edin, əgər onlar çox illər ərzində bu sistemə xidmət etmiş mənim kimi şəxslə pis rəftar edirlərsə, kim belə sistemə bel bağlaya və etibar edə bilər? Mən bunu ona görə demirəm ki, bu mənim şəxsi vəziyyətim idi. Mənim kimi pis rəftar edilən milyonlarla insanlar vardı. Çoxlu ədalətsizliklər həyata keçirildi. İnsanlar heç bir fikir və ya danışmaq azadlığına malik deyildi.
Kapitalist sisteminin də, hər iki - müsbət və mənfi cəhətləri var. Dünyada heç bir ideal sistem yoxdur. Məncə, bu fikri Çörçill deyib: "Demokratiya ən yaxşı siyasi sistem deyildir, ancaq insanlar yenə də daha yaxşı bir sistem yaratmalıdır". Demokratiya ilə siz ədalət baxımdan hər şeyə yaxınlaşırsınız.
Biz köhnə sistemdən imtina etmişik. Mən özüm bunu tamamilə şüurlu şəkildə etmişəm və Azərbaycan, şübhəsiz hüquqi azad və bazar iqtisadiyyatına əsaslanmış demokratik dövlət olacaq.
Betti Bleyer - Azərbaycan Rusiya, İran, Ermənistan, Türkiyə və Gürcüstanla əhatə olunmuş kiçik ölkədir və Azərbaycan milli ehtiyatlarını qorumaq üçün beynəlxalq münasibətlərdə tarazlığı saxlamağa həmişə ehtiyac duyur. Sizin 21-ci əsrdə Azərbaycanın gələcək liderlərinə tövsiyəniz nədir? Onlar bu tarazlığı saxlamaq üçün nə edə bilərlər?
Heydər Əliyev - Onlar mənim əsasını qoyduğum siyasəti davam etdirməlidirlər. Əgər onlar belə edərsə, onda müvəffəqiyyət qazanacaqlar. Əgər etməzlərsə, onda Azərbaycan çox faciə ilə üzləşəcək. Hər bir ölkənin maraqlarını nəzərə almaq lazımdır. Siz bəzi ölkələrlə dost, bəzilərilə düşmən ola bilməzsiniz, baxmayaraq ki, bu əksər ölkələrin siyasətidir. Azərbaycan hər hansı bir ölkə ilə düşmən olmaq istəmir. Eyni zamanda, biz başqa ölkənin siyasətinin qurbanı da olmayacağıq. Azərbaycanın öz müstəqil siyasəti var. Bununla yanaşı, biz Avropa və Amerika ilə yaxşı əlaqələri inkişaf etdiririk və öz milli mənsubiyyətimizi və milli ehtiyatlarımızı qoruyaraq onların təcrübələrindən faydalanmağa çalışırıq.
İngilis dilindən tərcümə etdi:
Süsənbər Ağamalıyeva
Filologiya üzrə fəlsəfə doktoru