2022-ci ildə dünya çoxsaylı sınaqlara məruz qalıb. Bu sınaqların bir qismini bir il əvvəl təsəvvür etmək çətin idi.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş başa çatmaqda olan ilin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.
Antonio Quterreş deyib: “Məyus olmağa səbəblər çoxdur. Geosiyasi fikir ayrılıqları qlobal problemlərin həllini çətinləşdirir, bəzən də qeyri-mümkün edir. Dolanışıq xərcləri çoxalır, qeyri-bərabərlik artır. Dünyanın ən yoxsul ölkələrinin əksəriyyəti defolt həddindədir”.
BMT rəhbərinin sözlərinə görə, bu və bir sıra başqa problemlər üzündən bəzi adamlar ruhdan düşür, beynəlxalq problemlərin həllində diplomatiyadan imtina etməyə məcbur olurlar.
Antonio Quterreş sözünə davam edərək deyib: “Bununla belə cari ili belə bir qəti inamla başa vururuq ki, indi bir kənarda oturub gözləmək vaxtı deyil, qətiyyət və məqsədyönlülük göstərmək, ümidli olmaq vaxtıdır. Biz işimizi davam etdiririk, ümidsizliyə qarşı, məyusluğa qarşı mübarizə aparacaq, səmərəli həllər tapacağıq”.
BMT rəhbərinin sözlərinə görə, iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsi sahəsində də yaxşı yeniliklər azdır. O deyib: “Biz hələ də düzgün olmayan istiqamətdə hərəkət edirik. Tullantıların həcmi artır, istiliyin 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəfi hələlik əlçatmazdır. Milli iqlim planları yerinə yetirilmir. Lakin biz təslim olmuruq”.
Baş katib vurğulayıb: “Mən geri çəkilməyə hazırlaşmıram, ona görə də bu gün 2023-cü ilin sentyabrında iqlimlə bağlı sammit çağırılmasını elan edirəm. Bu, ciddi sammit olacaq: heç bir istisnaya, heç bir kompromisə yol verilməyəcək”.
Antonio Quterreş bəyan edib ki, o, 2023-cü ilin “Sülh ili, fəaliyyət ili” olması üzərində işləmək əzmindədir.