Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib, mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, qışlama binasının çox isti olması balın pətəkdə rütubət almaq qabiliyyətinin itməsinə, arıların susuzluq çəkməsinə, arıların topası daxilində temperatur normasının pozulmasına səbəb olar və nəticədə topa parçalana bilər, qışlamanın normal keçməsinə pis təsir göstərər. Başqa həşəratlardan fərqli olaraq arılar qışda anabioz (yuxu vəziyyəti) halında olmur, nəfəs alır, qidalanır və pətəkdə temperaturu 12-20°C-də saxlayırlar. Arılar qaranlıqda qışlayır, ən zəif işıq belə onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Buna görə də qışlama binasında tam sakitlik olmalıdır.
Sonda mütəxəssislər arıçı sahibkarları maraqlandıran sualları cavablandırıb, onlara yaddaş kitabçaları təqdim ediblər.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Baytarlıq Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Arıçıları” İctimai Birliyinin əməkdaşları iştirak ediblər.