Məhkəmə və hakimlərinin yuxarı instansiya məhkəməsinə seçilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir
Məhkəmə və hakimlərinin yuxarı instansiya məhkəməsinə seçilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 21-də keçirilən iclasının gündəliyində yer alıb.
“Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihəsinə görə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsində (“Hakimliyə namizədlərə aid tələblər”) yaş həddi aradan qaldırılmış, maddədəki “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilib.
Sənədə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü maddəsində (“Hakim vəzifəsinə namizədlərə aid tələblər”) “yaşı 30-dan aşağı olmayan” sözlərinin çıxarılması təklif olunur.
Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 96-cı maddəsinə (“Hakimlərin səlahiyyət müddəti”) əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar və bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir.
Qiymətləndirmənin nəticələrinə əsasən birinci instansiya məhkəməsinin hakimi işləmiş şəxsin yuxarı instansiya məhkəməsinə təyin olunmasına dair qərar qəbul oluna bilər. Bununla əlaqədar olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsindəki “5 il” sözlərinin “3 il” sözləri ilə əvəz edilməsi, eləcə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 64.4-cü maddəsinə əsasən “bir qayda olaraq” sözlərinin çıxarılması təklif olunur.