Dəm qazı niyə can alır? - Bədbəxt hadisələrin qarşısını necə alaq?

A- A A+

Qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma halları baş verir. Müəyyən olunub ki, bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində müxtəlif növ məişət, qaz cihazlarının, o cümlədən su qızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən yaranır.

Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanan qızdırıcı cihazlardan istifadə, yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması, tüstü borularının və tüstü bacalarının vaxtında təmizlənməməsi və onların  işlək vəziyyətdə olmaması, sobanın və tüstü çəkən bacanın nasazlığı, sobada və borularda çatların və nasazlıqların olması, qarajda avtomobilin işlək vəziyyətdə olması, qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması dəm qazı ilə zəhərlənmənin səbəbləridir.

Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. Zəhərlənən insanda ürək bulanma, yorğunluq, yuxuya meyillilik və təngnəfəslik müşahidə olunur, dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. Tənəffüs mərkəzinin iflic olması nəticəsində nəfəs alma dayanır və ölüm baş verir.

Əgər dəm qazından zəhərlənmə halları baş verərsə, zərərçəkən şəxsə öncə aşağıdakı köməkliklər göstərilməlidir:

Öncə zərərçəkəni dərhal təmiz havaya (ilin isti vaxtında küçəyə, soyuq mövsümdə isə havası yaxşı dəyişdirilən otağa) çıxarmaq və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır.

Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır.

Zərərçəkmişin huşu özündədirsə, ona çay içirmək məsləhətdir, əgər huşunu itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır.

Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır.

Belə hadisələrin baş verməməsi üçün hər bir vətəndaş müvafiq təhlükəsizlik qaydalarını  bilməli və onlara ciddi riayət etməlidir.

Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanan qeyri-standart qızdırıcı qaz cihazlarından və su qızdırıcılarından istifadə olunmasıdır. Belə ki, bu cihazların aidiyyəti dövlət nəzarət orqanlarının icazəsi olmadan müəyyən sexlərdə istehsal edilməsi, satışa buraxılması, əksər hallarda qüvvədə olan norma və qaydaların tələblərinə zidd olaraq istifadəsi, qadağan olunan yerlərdə quraşdırılması qəzaların baş vermə ehtimalını daha da artırır. Buna görə də satış məntəqələrindən əsasən zavodda istehsal edilən qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə ümumiyyətlə yol verilməməlidir.

Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmaması, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.

Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin  “101” qaynar xəttinə məlumat verilməlidir.

Əhalinin diqqətinə bir daha çatdırırıq ki, qaz sobalarından və qızdırıcı cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına ciddi riayət etsinlər.

 

Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: