Kartof dünyada, o cümlədən Azərbaycanda ən çox yayılan və becərilən kənd təsərrüfatı bitkilərindən biridir. Rəsmi məlumatlara əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə 1 milyon 31 min 100 ton kartof istehsal olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Səidə Zeynalovanın məqaləsində deyilir.
Kartof badımcançiçəklilər fəsiləsinin solanum cinsindən olan çoxillik ot bitkisidir. Kartofun tərkibinin orta hesabla 76,3 faizi sudan, 23,7 faizi quru maddələrdən ibarətdir. Həmin maddələrin 17,5 faizini nişasta, 0,5 faizini şəkər, 1-2 faizini zülal, 1 faizədək mineral duzlar, eləcə də C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər təşkil edir.
Kartof nişasta, spirt, kartof unu, çips sənayesində xammal, həmçinin heyvanlar üçün yem kimi işlədilir. Xalq təbabətində kartofun şirəsindən vərəmin, tənəffüs orqanlarının və mədə yarasının müalicəsində istifadə olunur.
Kartof nisbi rütubəti çox, temperaturu 16-26 dərəcə C aralığında olan yerlərdə daha yaxşı inkişaf edir və çox məhsul verir. 29 dərəcə C temperaturda yumruların böyüməsi, 33 dərəcə C temperaturda isə assimilyasiya prosesi dayanır.
Düzgün şəraitdə saxlanmadıqda kartofun orqanoleptik xüsusiyyətlərində və tərkibindəki qida maddələrində dəyişikliklər baş verir. Həmçinin qara çürümə, adi dəmgili, qanqren, fitoftoroz, xərçəng, sürmə və digər göbələk xəstəlikləri yaranır.
Xəstəliklərin məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinə mənfi təsirinin qarşısını almaq üçün kartofun saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Belə ki, gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün çox təhlükəlidir. Kartof qaranlıq yerdə saxlanılmalıdır.
Kartofu polietilen torbalarda saxlamaq olmaz. Onları hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq daha düzgündür. Kartofu karton qutularda saxlayan zaman qutunun divarlarında mütləq hava dəlikləri açılmalıdır.
Kartofu rütubətli yerlərdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya bir-birinə yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayır. Bunun qarşısını almaq üçün onları mümkün qədər sərin və havalandırma olan yerlərdə saxlamaq lazımdır. Kartof saxlanılan yerdə rütubət 85-90 faiz olmalıdır.
Vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır, çünki bir kartofda yaranan çürümə digərlərinin də çürüməsinə səbəb olur.
Kartofu saxlayan zaman bir sıra göstəricilərə də diqqət edilməlidir. Kartof bilavasitə günəş işığı altında saxlandıqda temperatur 21-22 dərəcə C, rütubət 35-43 faiz, işıqlanma (lüks) 335-1061, işıq altında saxlandıqda isə temperatur 22-23 dərəcə C, rütubət 33-47 faiz, işıqlanma (lüks) 300-1036 olmalıdır. Kartof otaq temperaturunda qaranlıq və havalandırılmayan şəraitdə saxlandıqda temperatur 20-21 dərəcə C, rütubət 55-83 faiz, qaranlıq soyuducuda saxlandıqda isə temperatur 4-6 dərəcə C, rütubət 22-39 faiz təşkil etməlidir.