Əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddəti məhdudlaşdırılacaq, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiya tətbiq ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dekabrın 26-da keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsində təsbit edilməsi nəzərdə tutulan bu dəyişiklik artıq ödənişə görə tutma tətbiq olunan pensiyaçıların maddi cəhətdən dəstəklənməsinə, tutmanın tətbiqi müddətinin məhdudlaşması hesabına qaytarılmalı olan ödənişin məbləğinin azalmasına xidmət edəcəkdir. Son nəticədə artıq ödənişə görə pensiyadan tutulan məbləğin aylıq həcmi daha az, müddəti isə daha qısa olacaq.