Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sığortaolunan vətəndaşlar əmək qabiliyyətini müvəqqəti itirdikdə, hamiləlik və doğum baş verdikdə, uşaq anadan olduqda, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar, sığortaolunan və əmək pensiyaçısı vəfat etdikdə, sanatoriya-kurort müalicəsi zərurəti ilə əlaqədar Fond tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin tələblərinə uyğun həyata keçirilir.
Sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən sığortaedənlərin təqdim etdiyi müvafiq təsdiqedici sənədlərə əsasən həyata keçirilir. Qeyd etmək lazımdır ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu müavinətlərin aylıq məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Məlumat üçün bildirilir ki, ölkə başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncamlarına uyğun olaraq hazırda ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 109 manat, uşağa qulluğa görə müavinətin məbləği bir yaş yarımadək uşağa qulluğa görə 44 manat məbləğində, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 27 manat 50 qəpik olaraq müəyyənləşdirilib.
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün də müavinət verilir. Sığortaolunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub.
Əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət ödənilir.