COVID-19 – bəşəriyyətin üzləşməli olacaq heç də son epidemiya və ya pandemiya deyil. Biz, dünya birliyi olaraq, COVID 19-un ağır təsirindən nəticə çıxarmalı və pandemiyalara, onların aradan qaldırılması və onlara qarşı mübarizəyə hazırlığın təmin edilməsinə dair tədbirlərə böyük həcmdə investisiya etməliyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Epidemiyaya hazırlıq günü münasibətilə müraciətində deyilir.
Antonio Quterreş xatırladıb ki, COVID-19 faciəli nəticələrə səbəb olub. O hazırkı pandemiyadan dərs götürməyə və gələcəkdə bu cür fövqəladə hallara hazırlığı təmin etməyə çağırıb. Baş katib xatırladıb ki, virus bir neçə milyon insan həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə yüz milyonlarladır. Bəzi ölkələrin iqtisadiyyatı məhv olub, səhiyyə sistemləri bütün imkanlarını səfərbər ediblər, maliyyə itkiləri isə trilyonlarla ABŞ dolları təşkil edir.
Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasında planlaşdırılmış templərlə müqayisədə geriləmə müşahidə olunur. Bununla belə, BMT-nin Baş katibinin qeyd etdiyi kimi, inkişafda olan ölkələr taleyin ümidinə buraxılıblar: onlara vaksinlərin və diaqnostika və müalicə vasitələrinin verilməsində utanmadan imtina edilirdi.
Antonio Quttereşin sözlərinə görə, bu gün yüksək epidemik potensial ilə virusları aşkar etmək və onların yayılmasını izləməyə imkan verən epidemioloji nəzarətin əvvəlkindən daha effektiv mexanizmləri tələb olunur. BMT başçısı qeyd edib ki, səhiyyə sistemləri, o cümlədən "yaxşı təlim keçmiş, yaxşı təchiz olunmuş və yaxşı maaş alan tibb işçiləri” sayəsində daha möhkəm və sarsıntılara hazır olmalıdır.
“Biz, həmçinin bütün ölkələr üçün vaksinlərə, müalicə və diaqnostika vasitələri, həyati vacib texnologiyalara bərabər çıxışı təmin etməliyik”, – deyə Baş katib vurğulayıb. O dezinformasiya və yalançı “elmi” və elmi bilikləri və faktlara əsaslanan informasiyanı qarşı-qarşıya qoyaraq, onlarla mübarizə aparmağa çağırıb.
Pandemiya ilə mübarizənin ayrı-ayrı ölkələr səviyyəsində aparıla bilməyəcəyini qeyd edən BMT rəhbəri bu mübarizədə beynəlxalq ictimaiyyətin birlik nümayiş etdirməli olduğunu bildirib.
“Mən bütün ölkələri səylərimizi dəstəkləməyə çağırıram ki, dünya birliyi səhiyyə sahəsində gələcək çağırışlarla qarşılaşmağa tam hazır olsun”, – deyə Antonio Quterreş bildirib.